Aprelin 4-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” adlı ədəbi-bədii gecə keçirilib.
“axın.az” xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar və digərləri olmaqla 2000-nə yaxın şəxs iştirak edib.
Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik – leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Bayramov və Aprel döyüşlərinin şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış ediblər.
Onlar Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan böyük Zəfərin başlanğıcı olduğunu vurğulayıb və xalqımıza bu qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Mərasim tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfərin 4 anı” bədii kompozisiyası ilə davam edib.