Peşəcə həkim olan Nazlı Çələbi yazıçılıq sahəsində olduqca iddialıdır. Əməkdaşımızın Nazlı xanımla söhbətini təqdim edirik:
- Nazlı xanım bir ilə 16 kitab nəşr etdirdiniz. Bu heç də az rəqəm deyil. İstərdim ki, tibbi biliklərin fəaliyyətinizə nə qədər kömək etdiyi barədə danışasınız. - Mən 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirmişəm. Halbuki, özüm İncəsənət İnstitutuna getmək istəyirdim. Mənim uşaqlıq arzum ya diktor olmaq, ya da ki, aktrisa olmaq idi.
Bunu mən həmişə arzu etmişəm, çünki sevmişəm insanları güldürməyi, gülməyi. Atam Daxili İşlər Nazirliyinin zabiti idi və çox hökmlü insan idi. Elə bircə kəlimə dedi ki: - Ora olmaz, bir aktrisamız çatışmır. Mütləqdir ki, sən gərək həkim olasan. İstəməyərək imtahan verdim və Tibb Universitetinə qəbul oldum. Əslində pediatriyanı seçməmişdim, terapevt olmaq istəyirdim. Universiteti bitirdikdən sonra ailə həyatı qurdum. Hər ailədə olduğu kimi bizim ailədə də bəzi problemlər, çətinliklər yaşandı. Bir müddət sonra mən xarici şirkətlərlə işləməyə başladım.
İstanbulda iki il bioloji təbabət üzrə dərs dedim. Çox sevilirdim orada. Ancaq ailədə elə hadisə yaşandı ki, məcburən qayıtmalı oldum Azərbaycana. Həmin vaxtlar mənim üçün çətin anlar oldu. Ailənin yükü üstümdə idi. Kirayədə qalmalı oldum. Hətta məcbur oldum ki, bunu bir müddət hər kəsdən gizlətdim. Çünki bəzi insanlar sənin haqqında fərqli cür düşünməyə başlayırlar. Düşünürdülər ki, sən həkimsənsə, dəbdəbəli bir evdə qalmalısan, ən bahalı maşında işə getməlisən, ən bahalı aksesuarlardan istifadə etməlisən. Əgər bunlar yoxdursa, deməli, sən bir həkim olaraq uğurlu deyilsən. Mən bütün bu çətinlikləri gördüm. Həm maddi, həm mənəvi çətinlikləri yaşadım. Hər zaman deyirəm ki, əgər komfort həyatda yaşasaydım, bütün bu çətinlikləri görməsəydim, mən indiki mən ola bilməzdim. Bəlkə də mənim xasiyyətimdə indi dəyişikliklər olardı. Çünki uşaqlar doğulanda qabiliyyətlə doğulur. Məndə bir neçə qabiliyyətin olması məni digər uşaqlardan fərqləndirirdi. Mən əvvəllər məni sırf bu sahəyə yönəltdikləri üçün valideynlərimdən inciyirdim. Təhsilimi davam etdirdikcə anlamağa başladım ki, əslində valideynlərim çox düzgün ediblər. Mənə elə gəlir öz sevdiyim iş ilə məşğul olmağıma icazə versəydilər, İncəsənət sahəsində daha çox iş görə bilərdim.
- Övladlarınızı təkbaşına böyütmək sizin üçün çətin olmadımı?- Mənim 2 oğlan övladım var. Onları təkbaşına böyütmək mənim üçün çətin olsa da övladlarımı sərbəst ruhda yetişdirməyə çalışmışam. Övladlarım yeniyetmə dövrünə çatanda onlara azadlıq verdim. Çünki onları atasız böyütdüyüm üçün onlara həm ata, həm ana olmağa çalışmışam. İstəmirəm mənə qarşı edilən həmin basqını bu gün mən öz övladlarıma qarşı edim. Çalışmışam ki, onlar rahat və sərbəst bir mühitdə böyüsünlər, özlərini ifadə edə bilsinlər, sərbəst seçimlər edə bilsinlər.
- Bəs ilk dəfə nə vaxt bədii əsər yazmağa başladınız? Yazmağa başlayanda düşündünüz ki, təzyiqlərlə qarşılaşa bilərsiniz?- Mən beş yaşımdan oxuyub-yazmağı bacarmışam. Uşaqlıqdan yazılar yazıram. Təmsil və satirik şeirlərim var idi. Gənclik vaxtlarımda da gizlincə yazırdım ki, birdən məni “anlamazlar, qəbul eləməzlər”. Axı mən həkim idim. Birdən ortaya yazıçı kimi çıxmağımı insanlar qəbul etməyə bilərdilər. Hətta ilk kitabımı mən Facebok hesabımda hissə-hissə paylaşmağa başladım. Bilmək istəyirdim ki, insanlar buna necə reaksiya verəcəklər. Sonra gördüm ki, yazdıqlarımı maraqla oxuyurlar və məndən bu yazıların arxasını da istəyirlər. Sonra bunları kitab halına salıb nəşr etdirmək qərarına gəldim.
- Nazlı xanım, həm həkim, həm də yazıçısınız. Hansı sahədə özünüzü daha xoşbəxt hiss edirsiniz?- Mən ədəbiyyatı, rəsm çəkməyi çox sevmişəm. Çox gözəl rəsmlər çəkirdim. Həm məktəbin ictimai işlərində çox fəal olmuşam, həm də ki, ədəbiyyata böyük marağım olub. Xoşlayırdım ki, əzbərlədiyim şeirləri xüsusi tempdə deyim. Doğrudur, mən həkimlik sahəsində təhsil almışam, ancaq incəsənətdə doğulmuşam. Hətta bir müddət sonra mən artıq şeirləri qiraət etməyə başladım. İlk səsləndirdiyim şeir “Hamlet” monoloqunda “Ölüm ya qalım” şeirinin tərcüməsi oldu.
- Kitablarınızda daha çox toxunduğunuz mövzular hansıdır ki, onlar sizi digər yazarlardan fərqləndirir?- Düşünürəm ki, mən Azərbaycanda dedektiv kitabların müəllifi olan yeganə qadın yazaram. Çünki bu sahədə yazan qadın yazıçı tanımıram. Mən, ümumiyyətlə, cinayətin özünə yox, onun açılmasına marağım daha çox olduğu üçün həmin o nüansları həmişə öyrənməyə çalışmışam. Bunu öyrənməkdə məqsədim ədaləti bərqərar etmək olub. Mənim bütün obrazlarım realdır. Çalışmışam ki, dedektiv kitablarımı kino stilində yazım.
Müəllifi olduğum “ Həzz” kitabında cəmiyyətin bir üzvü kimi keçirdiyim narahatlıqlar, gündən-günə böyüyən, budaqlanan “ağ ölüm ağacı”nın kölgəsində məhv olan gəncləri – gələcəyimizi görərkən ruhumu sarsıdan narahatlıqları qələmə almışam.
“Mavi qorxu” kitabımda cəmiyyət tərəfindən qəbul olunmayan bir insanın daxili dünyası, hissləri anladılıb. İnsanların “bizdən deyil” dedikləri gənc oğlanın, əslində, elə “hamı kimi” olması təəcübləndirə bilər. Lakin unudulmamalıdır ki, nəticə həmişə səbəblərdən asılıdır. Əsərdə onun cəmiyyətin “azlıq” qismində sayılmasının səbəblərinə aydınlıq gətirmişəm. Və bu səbəblərdən biri atadır.
- Son zamanlar xeyli yazarlarımız var. Sizin kitablarınızı insanlar oxuyur. İnsanlar tərəfindən, yaxud da, digər yazıçılar tərəfindən sizə qarşı maneələr var?- Düzdür, fiziki maneə yoxdur. Ancaq insanlar sözlərlə təsir etməyə, arxadan vurmağa çalışırlar.
- Sizcə, səbəbi nədir?- Məncə, səbəbi qısqanclıqdır. Düşünürəm ki, bu tək mənə qarşı deyil, ümumiyyətlə, bütün istedadlı insanlara qarşıdır.
- Kitablarınızda gənclərə, orta nəslin nümayəndələrinə, əsasən, mesajlarınız nədən ibarətdir?- Hal-hazırda cəmiyyətimizdə psixoloji durumu yaxşı olan gənclərimiz, kompleksi olmayan gənclərimiz demək olar ki, çox azdır. Onlar sanki öz ruhları ilə mübarizədədir və sanki robotlaşdırılıb. Mən bütün bu problemləri kitablarımda real obrazlarla, real hadisəslərlə yazmışam. Mən yalnız o problemləri yazmaqla kifayətlənmmişəm, həm də onların çıxış yollarını qeyd etmişəm. Yəni, oxucu burada sadəcə bədii ədəbiyyat oxumur. Həmin problemləri kitablarda olduqca canlı, real şəkildə yazdığım üçün artıq oxucu həmin hadisələri həm gözünün önündə canlandırır, həm hadisələrin baş vermə səbəblərini, həm də ki, çıxış yollarını öyrənir.
- Öz həyat hekayənizi əks etdirən hər hansı bir kitabınız varmı?- Kitablarımın bir çoxunda mənim həyatımdan bir parça var. Yazdığım “Təhlükəli cazibə” kitabımda baş qəhrəman “Sevgi” adında bir qadındır və həmin qadın mən özüməm. Digər kitablarımda da mən öz həyatımda yaşadığım hadisələri əlavə etmişəm. Bədii əsərlərə marağım olmadığından sadəcə məni maraqlandıran məsələlərə önəm verərək oxucularıma öz ideyalarımı çatdırmağa çalışmışam.
- Bildiyim qədərilə siz öz əsərlərinizdə təsvirə o qədər də yer vermirsiniz. Bəs bu oxucularınız tərəfindən necə qarşılanır?- Mənim üçün əsas olan odur ki, oxuduğun kitab səni tutub saxlamalıdır. İstəsəsən belə ondan ayrıla bilmirsən. Başqa yerdə görmədiyin, oxumadığın məlumatlar burada var. Bədii əsərləri sevmirəm, oxumuram. Həyatda da lokanik insanam. Təsvirə çox yer vermirəm, çox sevmirəm təsviri. Mən insanlara həmin hadisələri incəliyi ilə çatdırıram. kitablarıma xüsusi enerjimi qoyuram və görürəm ki, oxucularım əsərlərimdən razı qalır. Oxucularımın kitablarımı hansı müddətə oxuduqları mənə həmişə maraqlı olub. Elə oxucularım var ki, kitablarımı bir gün yarıma artıq bitirir. Bu mənim üçün sevindirici haldır ki, insanlar fikirlərimə önəm verir və maraqla oxuyurlar.
- Bizim saytın izləyicilərinə gələcək planlarınız haqqında danışmaq nistərdinizmi?- Mən çox istəyərdim ki, gənclərlə görüşlər təşkil edilsin və mən auditoriyada onlar üçün müəyyən çıxışlarımı edim, öz tövsiyyələrimi, həyat təcrübəmi, biliklərimi onlarla paylaşım.
- Sizə fəaliyyətinizdə uğurlar diləyirəm. Bizə vaxt ayırıb fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkürümü bildirirəm, Nazlı xanım.Vəfa Alcanova,
Axın.az