Uşaq və yeniyetmələr arasında baş verən mübahisələr bəzən heç də müsbət nəticə ilə sonlanmır. Məktəb mühitində baş verən neqativ hadisələr, şagirdlərdə yaranan psixoloji problemlər bu gün psixoloqların işini gündəmə gətirir. Məlum olduğu kimi son zamanlar məktəblərdə şagirdlər arasında baş verən davalar çoxalıb. Hətta Tərtərdə məktəbdə baş verən davada 9-cu sinif şagirdi aldığı xəsarət nəticəsində həyatını itirdi. Baxmayaraq ki, məktəblərdə psixoloq ştatı var. Bəs niyə bu hadisələr azalmaq yerinə günü-gündən artır?
Gənc bir sosial işçi olaraq məsələyə belə münasibət bildirirəm ki, burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Məktəblərimizdə psixoloq ştatı olsa da təəsüf ki, onlar şagird sayına uyğun olaraq bölüşdürülmür. Şagird sayı çoxluq təşkil edən məktəblərdə həmin saya görə psixoloq ştatı müəyyənləşdirilməlidir. Lakin araşdırsaq, bəzi məktəblərdə heç psixoloq belə yoxdur.
2. Elə məktəblərimiz var ki, psixoloq var, lakin öz vəzifələrini düzgün icra etmir. Bu cür psixoloqlar lazım olan bilik və bacarıqlara malik olmadığı üçün peşə vəzifələrini uğursuz yerinə yetirirlər. Düşünürəm ki, məktəblərdə ciddi yoxlamalar aparılmalıdır. Vəzifələrini düzgün icra etməyən psixoloqlar üçün lazımi tədbirlər görülməlidir.
3. Məktəblərə cəlb edilən psixoloqlar sosial xidmət sahəsində də biliklərə malik olmalıdırlar. Onlar ilk öncə sosial xidmət müəsissələrinə yönləndirilməlidir. Onlar üçün həmin mərkəzlərdə beynəlxalq təcrübələrə malik sosioloqlar təlim və seminarlar təşkil etməlidirlər.
4. Dövrümüz bunu tələb edir ki, məktəbdə olan hər problemin həllini psixoloqun üstünə atmaq düzgün deyil. Psixoloq məktəblərdə yaranan bu problemləri tək həll etməməlidir. Mütləqdir ki, məktəblərdə psixoloqlarla yanaşı sosial işçilər də fəaliyyət göstərsinlər. Çünki psixoloq məsələyə psixoloji baxımdan yanaşarkən, sosial işçi hərtərəfli yanaşaraq problemin düzgün həllinə çalışır. Psixoloq problemi sadəcə məktəbdə həll edirsə, sosial işçi şagirdin ətrafını, onun olduğu mühiti, ona təsir edən faktorları araşdırır. Ciddi problemdir ki, təhsil sahəsində sosial işçilərə ehtiyacın çox olmasına baxmayaraq, hazırda bu ştat ölkəmizdə yoxdur.
5. Şagirdlərlə yanaşı müəllimlərlə də tez-tez müzakirələr aparılmalıdır. Həm psixoloqlar, həm də sosial işçilər müəllim heyəti ilə qarşılıqlı fəaliyyətdə olmalıdırlar.
6. Məktəblərdə valideynlər üçün təhsil sahəsində təcrübəli, tanınmış sosioloqlar və psixoloqlar tərəfindən seminarlar təşkil edilməlidir. Uşaqların düzgün tərbiyəsində valideynlər çox mühüm rol oynayır. Uşaq evdə nəzakət öyrənirsə, məktəbdə də həmin nəzakətini göstərəcək. Əgər evdə düzgün tərbiyə edilməyibsə, qarşılaşacağımız problemin həllinə sadəcə mütəxəssislər deyil, valideynlər də fəal çalışmalıdır.
Müəllif: Gənc Sosial İşçi Vəfa BünyadqızıAxın.az