Ankara və Bakı beşinci nəsil qırıcının yaradılmasında əməkdaşlıq edəcək
İqtisadiyyat
27-07-2023, 13:12
Türk qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.
Türkiyə və Azərbaycan beşinci nəsil türk qırıcı Kaan-ın yaradılması layihəsi çərçivəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Bu barədə “RİA Novosti” TRT telekanalına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, müvafiq saziş İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşdiriləcək.
Bununla bağlı “Yeni Şafak” qəzeti qeyd edir ki, Bakının layihədə iştirakı Rusiyanın “MiQ-29” təyyarələri ilə təchiz edilmiş Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilməlidir.
Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşmış “Defence Turk” portalının məlumatına görə, türk qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.
Beşinci nəsil qırıcı Kaan 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il edəcəyi, kütləvi istehsalına isə 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, Kaan taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və gələcəkdə Respublika Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.