“Türkdilli ölkələrin birgə sərmayə fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Sentyabrın sonuna bu məsələ ilə bağlı memorandum imzalanacaq”.
Axın.az-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin noyabr ayında növbəti sammitdə prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq:
“Fondun əsas məqsədi daha çox orta və kiçik sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutur. Fondun əsas prioriteti Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər”.
O qeyd edib ki, türk dövlətləri arasında azad ticarət zonası yaradılması üzərində çalışılır:
“Bunun üçün saziş imzalanmalıdır. Bu, uzun bir prosesdir. Təxminən 25 il vaxt tələb edir, fikrimcə, biz buna 10 ilə nail olmalıyıq”.
Baş katib əlavə edib ki, türkdilli dövlətlər gömrük sazişi imzalayacaq:
“Artıq gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı sazişi imzalamaq üzrəyik”.
İlhamə Əbülfət