Dünən Avropanın 12 klubu Super Liqanın yaradıldığını açıqlayıb.
Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” qəbul edib.
Bu, UEFA-nın etirazına səbəb olub. Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq.
Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb. UEFA yeni layihədə iştirakdan imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkürünü bildirib.
Superliqanın formatı necə olacaq?
Superliqanın formatı açıqlanıb. Turnirdə 20 klubun iştirakı planlaşdırılır. Formata əsasən, hərəsində 10 komanda olmaqla, 2 qrup yaradılacaq. Qruplarda ilk 3 yerin sahibləri 1/4 final mərhələsinə vəsiqə əldə edəcək. 4-5-ci yerləri tutanlar isə digər iki 1/4 finalçını müəyyənləşdirmək üçün öz aralarında pley-off oyunları keçirəcək. Bu ilin avqustunda başlaması planlaşdırılan Superliqada hələlik 12 klubun iştirakı təsdiqlənib. Bunlar “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”dur. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək.
Yeni sədr təyin edildi
“Real”ın prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib. Bu barədə “AP” agentliyinin jurnalisti Rob Harris özünün tvitter səhifəsində yazıb. Mənbə bildirir ki, Peresin müavinləri “Yuventus”dan Andrea Anyelli və “Mançester Yunayted”dən Coel Qleyzer olacaq.
"Bavariya" və daha iki klub…
Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqada iştirak edə biləcək daha 3 komandanın adına aydınlıq gəlib. Bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb. O bildirib ki, Almaniyadan "Bavariya", "Leyptsiq" və Portuqaliyadan "Portu" Superliqaya qoşula bilər.
"Yuventus"un prezidenti UEFA və ECA-dan istefa verdi
"Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin (ECA) prezidenti vəzifəsindən və UEFA İcraiyyə Komitəsi üzvlüyündən istefa verib. Buna ECA-nın Avropa Super Liqasının yaradılmasını dəstəkləməməsi səbəb olub. Superliqada iştirak edəcək 12 klubun hamısı bu qurumdan ayrılıb.
Daha bir ayrılıq
UEFA-da daha bir istefa reallaşıb. “Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvord qitə futbol qurumundaçalışmayacaq. O, “qırmızı şeytanlar”ın Avropa Superliqasında iştirakı səbəbindən UEFA-dakı bütün vəzifələrindən istefa verib. Həmçinin “Mançester Yunayted” də digər klublar kimi, Avropa Klublar Assosiasiyasının (ECA) tərkibindən ayrılıb.
Üsyankarlar FİFA və UEFA prezidentlərinə məktub ünvanladı
Superliqa yaratdıqlarını elan edən 12 klubu FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə məktub ünvanlayıb. Turnirin yaradıcıları yarışın baş tutması üçün hər şey edəcəklərini bəyanlayıb. Məktubda Superliqanın 4 milyard avro qrant aldığı və bunun klublar arasında bölüşdürüləcəyi də əksini tapıb: “Sizin rəsmi bəyanat bizi müdafiə tədbirləri görməyə vadar edir ki, özümüzü təkcə qrant çərçivəsində maliyyələşmə öhdəliyini təhlükə altında qoyan, ən əsası qanunsuz olan düşmən reaksiyasından qoruyaq. Bu üzdən də SLCo (Super League Company) şirkəti yeni turnirin qanunvericiliyə uyğun şəkildə maneəsiz yaradılması və fəaliyyəti üçün məhkəmələrə müraciət edib. SLCo-nun direktorlar şurasının üzvləri kimi bizim öhdəliyimiz turnirin və bizimlə maraqlı olan tərəflərin qorunmasıdır. Nəzərə almalıyıq ki, hansısa səbəbdən turniri operativ şəkildə formalaşdırmağımız və qrantdan gələn qazancı əldə etməməyimiz sonradan düzəlməyəcək ziyanla nəticələnəcək. Superliqa mövcud olan Avropa futbolunun əsas parçası sayılan ölkə çempionatları və kuboklarla paralel keçirilməlidir. Biz Çempionlar Liqası və ya Avropa Liqasını əvəz etmək deyil, onlarla birlikdə olmaq və rəqabət aparmaq istəyirik”.
Alternativ dünya çempionatı yaradıla bilər
“Real”ın prezidenti Florentino Peres Superliqada iştirak edəcək futbolçuların FİFA və UEFA tərəfindən dünya və Avropa çempionatına buraxılmaması hədəsinə münasibət bildirib. Qurumun sədri seçilən Peres bunun onları qorxutmadığını söyləyib. O, alternativ dünya çempionatı yaradacaqlarını vurğulayıb: “Əgər bu turnirə qatılan oyunçuların DÇ-2022-də iştirakına icazə verilməsə, öz dünya çempionatı turnirimizi yaradarıq. Burada şişirdiləcək bir şey yoxdur. Biz futbola hər səviyyədə kömək edəcəyik və onu layiq olduğu yerə yüksəldəcəyik. Futbolun dünyada 4 milyarddan çox azarkeşi var. Bizim öhdəliyimiz onların istəklərinə cavab verməkdir”.
ECA bəyanat yaydı, dəstək vermədi
Avropa Klublar Assosiasiyası (ECA) bəyanat yayıb. Qurum bir sıra klubların yaratdığı Superliqaya münasibət bildirib. ECA 246 ən yaxşı klubun təmsil edildiyi qurum kimi UEFA ilə işləmək öhdəliyini təsdiqləyib, Superliqanın yaradılması barədə qərara qarşı çıxıb. ECA yeni yaradılmaqda olan liqanı qiyama bənzədib: “Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə əsaslanırıq. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.