Bakının Nizami rayonunda 1974-cü il təvəllüdlü Süsən ailə münaqişəsi zəminində gəlini Nəzrinə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Hadisə bu il yanvarın 2-də baş verib. Münaqişəyə səbəb Nəzrinin Sahibdən boşanmaqdan imtina etməsi, birgə yaşadıqları evi tərk etmək istəməməsi olub.
Bu zaman onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Süsən yumruqla Nəzrinin bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarətlər yetirib
Hadisəni törədən Süsən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, yanvarın 2-də, saat təxminən 12 radələrində oğlu Sahib evə gələrək Nəzrinə onunla boşanmaq istədiyini deyib. Onun sözlərinə görə, bu zaman Nəzrin ağlayaraq boşanmaq istəmədiyini bildirib və mübahisə ediblər. O qeyd edib ki, sonra onunla gəlini arasında mübahisə olub və o, gəlininə xəsarət yetirib.