"Entoni Blinkenin Azərbaycan Prezidentinə bu həssas dönəmdə zəng edərək əməkdaşlığın əhəmiyyətindən söz açması, indiki halda Vaşinqtondan belə bir jestin olması müsbət addım sayılmalıdır" . Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Asim Mollazadə deyib.
Millət vəkili qeyd edib ki, Entoni Blinkenin bu zəngi fəsadları aradan qaldırmaq, əvvəlki sıx münasibətləri bərpa etmək, Azərbaycana dəstək ifadə etmək üçün baş tutub.
"ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi Co Baydenin "erməni soyqırımı" ilə bağlı yaratdığı problemlərin həllinə yönəlmişdi. Əslində ABŞ prezidentinin bu hərəkəti Amerikanın bölgədə ən böyük tərəfdaşına, uzun illərdir ki, Cənubi, Şərqi Avropa, eləcə də Orta Şərqdə Vaşinqtonun ən ciddi və etibarlı müttəfiqinə zərbə idi. Azərbaycanın da maraqlarına zidd idi. Ölkəmiz ABŞ ilə hər zaman strateji tərəfdaş olub, Amerikanın milli təhlükəsizlik sisteminə dəstək istiqamətində ciddi addımlar atıb. Hazırda məlum bəyanat müəyyən fəsadlar törədib. Entoni Blinkenin bu zəngi fəsadları aradan qaldırmaq, əvvəlki sıx münasibətləri bərpa etmək, Azərbaycana dəstək ifadə etmək üçün baş tutub. Zənnimcə, bu müsbət bir addımdır", deyə millət vəkili bildirib.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü diqqətə çatdırıb ki, ABŞ sona çatmış Qarabağ müharibəsinin yaratdığı problemlərin aradan qaldırılması, işğaldan azad edilən ərazilərə vətəndaşlarımızın köçürülməsi, yeni texnologiyaların əsasında ərazilərin bərpasına öz dəstəyini verə bilər.
"ABŞ ümumilikdə Böyük Qayıdış planına dəstək verə bilər. Bu istiqamətdə bizim qarşımızda duran hədəflər ondan ibarətdir ki, Qarabağa Böyük Qayıdış planını uğurla yekunlaşdıraq. Hazırda əsas strategiyamız bundan ibarətdir.
Təəssüf ki, ermənilər ABŞ daxilində ölkənin xarici siyasətinə ciddi təsir göstərə bilirlər. Onların çox güclü və türklərə nifrətlə yanaşan diasporları var. Amerika bu qüvvələrin qurbanına çevrilir. Çünki, əslində Baydenin səsləndirdiyi fikirlər, onun mövqeyi ABŞ-ın milli təhlükəsizlik maraqlarına böyük zərbə idi.
Qısası, yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında münasibətlərdə hansısa prinsipial dəyişikliklərin olacağını gözləmirəm. Zatən qarşıdakı illərdə ABŞ-ın başı digər məsələlərin həllinə ciddi şəkildə qarışacaq", deyə Asim Mollazadə qeyd edib.