"Amerika prezidenti Cozef Baydenin verdiyi bəyanat tamamilə absurddur. Tarixi saxtalaşdırmaq istəyi təkcə indi yox, illərdir var. Və dünyanın supergüc dövlətinin başçısının tarixi faktları təhrif etməsi, əsassız danışığı, qondarma “erməni soyqırımı” ifadəsini gündəmə gətirməsi dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın bariz nümunəsidir. Əslində, ABŞ Prezidenti bu ifadədən Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi kimi istifadə edirsə, digər tərəfdən ermənipərəst mövqeyini gizlətməyərək Azərbaycana da bir mesaj ünvanlayır. Çünki Azərbaycan Silahlı Qüvvələri 44 gün başlanan Vətən müharibəsini tarixi Qələbə ilə yekunlaşdırdı və Ermənistan dövlətini diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi". Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.
M.Məmmədov vurğulayıb ki, C.Baydenin bu ifadəni işlətməsi ilə ciddi bir şeyin dəyişməyəcəyi aydın olsa da, ABŞ siyasi dairələrində formalaşan fikrə görə, C. Bayden bu addımı ilə Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirmiş olacaq, odur ki, onu belə yanlışa yol verməməyə çağıranların sayı az deyil: "Belə ki, Vaşinqton üçün Türkiyə və Azərbaycanın önəmi böyükdür. Bu baxımdan, “soyqırım” ifadəsinin əvəzinə alternativ fikir səsləndirməklə, Bayden Birləşmiş Ştatların maraqlarına daha çox xidmət etmiş olar. Bir də ABŞ siyasətçiləri özləri də bilirlər ki, “erməni soyqırımı” ilə bağlı deyilənlərin tarixi əsası yoxdur. Odur ki, Ankaranın strateji müttəfiqi sayılan ABŞ-ın Prezidentinin belə bir addım ata biləcəyi qətiyyən başa düşülən deyil. Buradan belə bir nəticə çıxır ki, son illər Türkiyənin müstəqil siyasət yürütməsi, iqtisadi cəhətdən daha da qüdrətlənməsi, regionda və dünyada nüfuzunun artması ABŞ-ı da ciddi şəkildə qayğılandırır".
M.Məmmədov ABŞ-da qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı başlanmış məkrli kampaniyanın 30 ildən artıq tarixi olduğunu deyib: «Fikir verin: 1978-ci ildə ilk dəfə sabiq ABŞ prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. Bill Klintonun prezidentliyi (1993-2001-ci illər) dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan “ənənəyə” çevrilib. Konqresə qədər qondarma “erməni soyqırımı”nın ABŞ-ın 42 ştatında tanınmasını da vurğulamaq lazımdır. Doğrudur, seçkiqabağı kampaniya zamanı verdikləri vədlərə baxmayaraq, hələlik ABŞ-ın heç bir prezidenti ingilis dilində “erməni soyqırımı” ifadəsini işlətməyib. Lakin ermənilər qarşısında müəyyən öhdəliklər götürmüş Barak Obama Administrasiyası bu məsələdə nisbətən irəli getmişdi. 2009-cu il aprelin 24-də ABŞ Prezidenti “erməni soyqırımı” sözünü işlətməsə də, “erməni faciəsi” ifadəsi işlədib. Odur ki, erməni lobbisinin bütün ümidləri Baydenədir. Lakin unutmaq olmaz ki, ABŞ-ın Yaxın Şərqdəki maraqları Türkiyə ilə uzlaşır. Hazırda yeni bir dünya nizamı formalaşır və Türkiyənin narazı salınması bu dünya nizamında ABŞ-ın planları ilə ziddiyyət təşkil edir. Dərin strateji əməkdaşlıq fonunda ABŞ Prezidentinin “soyqırım” ifadəsi işlətməsi rəsmi Vaşinqtonun özünə ziyan olardı. Və ABŞ-ın 46-cı prezidenti Co Bayden sələflərindən fərqli addım atmamaq üçün belə bir bəyanatla çıxış etməklə, tarixdə saxtakar prezident kimi qaldı".
“Bu gün tarixi faktların araşdırılmasının nəticəsi o olub ki, ermənilər türklər tərəfindən heç bir “soyqırımına” məruz qalmayıb. Baş verən hadisələr 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən qızışdırılan və Osmanlının arxa cəbhəsində ermənilərin apardığı vətəndaş müharibəsinin nəticəsi idi”,-deyən Məşhur Məmmədov bildirib ki, bu gün dünya ictimaiyyətinə artıq məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər. Bu baxımdan, ABŞ Prezidenti Baydenin də bunu anlaması bütün tərəflərin, ilk növbədə isə Vaşinqtonun özü üçün faydalı olardı.
M.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu qərarın yanlış olduğunu qeyd edərək tarixi səhv adlandırıb və qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır: “Azərbaycan Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. O, həmçinin Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər”.