“BMT Təhlükəsizlik Şurasının son iclasında Ermənistan bütün qüvvələrdən, diasporun kozırlarından, beynəlxalq təşkilatlardakı əlaqələrdən istifadə etdi. Lakin bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə öz mülahizəsinə uyğun sərəncam vermək qeyd-şərtsiz hüququnu dəstəklədi. Azərbaycan güclü arqumentlər təqdim etdi, Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin çıxışı aydın, güclü və necə deyərlər, mətləblərə uyğun idi. Nəticədə Ermənistan sarsıdıcı diplomatik məğlubiyyətə uğradı. Ermənistanın əldə etmək istədiyinin heç birinə nail ola bilmədi”.
Bu sözləri rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Naumov deyib.
O hesab edir ki, Üçtərəfli Bəyanatın mətninə əsasən, Rusiya sülhməramlı kontingentinin Ermənistan silahlı birləşmələrinin çıxarılması ilə paralel olaraq yerləşdirildiyi bildirilir, qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılmasında məhz Rusiya sülhməramlılarının iştirak etməli olduğu qeyd olunmur.
Yeri gəlmişkən, rusiyalı ekspert bəyanatı öz istədiyi kimi yozursa, o zaman sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratmasından niyə bəhs etmir? Aydındır ki, politoloqun bu yöndə fikir bildirməsi, ölkəsinin mənafeyinə uyğun mövqedən çıxış etməsinin göstəricisidir.
Naumov ardınca deyir: “Mən təbii ki, istərdim ki, Rusiya sülhməramlılarının belə səlahiyyətləri olsun, amma bu, üçtərəfli formatda həll edilməli olan məsələdir. İrəvan Üçtərəfli Bəyanatın tərəfi kimi erməni silahlı birləşmələrinin çıxarılmasını öhdəsinə götürüb, lakin bu bəndi hələ də yerinə yetirməyib. Yəni erməni tərəfinin günahı birbaşa buradadır”.