Bu gün Xocalı soyqırımının 29-cu ilidir. Heç kim unudulmur, heç nə yaddan çıxmır. İlk dəfə qalib ölkə kimi bu ağır günü anacağıq... Xocalı qurbanlarını rəhmət və kədərlə anırıq. Vətən uğurunda Şəhid olan soydaşlarımıza Tanrıdan rəhmət diləyirik.
Prezident İlham Əliyevin bu gün keçirdiyi mətbuat konfransında dünyaya və yerli ictimaiyyətə mesajlar verib. Onlar nələrdir və həmin mesajlardan hansı nəticələri çıxarmalıyıq?
Ermənistanda baş verən qarışıqlığı Rusiyanın yaratdığı ilə bağlı iddialar var. Həmin iddialsra görə, İrəvan küçələrində əslində Qərblə Rusiya toqquşur. Paşinyan küçələrə çıxıb xalqı dövləti, hakimiyyəti qorumağa səsləyir. Qarabağda uduzduğu müharibənin siyasi nəticələrini İrəvanda kompensasiya etməyə çalışır. Bizdə rəy var ki, Paşinyanın qalması Azərbaycanın xeyirinədir. Ermənistanda iqtidar dəyişsə, bu, Azərbaycan üçün hansı təhlükələri yarada bilər? Bu suala bir daha cavab almağa çalış. Ordusunu, siyasətini məğlub etdiyimiz, darmadağın etdiyimiz bir ölkənin başına kimin gəlib-gəlməməsinin bizim üçün hansı önəmi ola bilər?
Ermənistan Rusiyanın dəstəyilə toparlana bilər. Çünki hərbi-siyasi dəstəyi hər zaman Rusiyadan alıb. Rusiya isə 44 günlük savaşda və savaşdan sonra Azərbaycana dəstək verdi, verməkdədir. Qarabağın önəmli hissəsini işğaldan azad etməkdə bu dəstəyin önəmli rolu oldu. Rusiya neçə əsrlik siyasətinin üstündən xətt çəkib, bu siyasətdən imtina edib. Ermənistanı Azərbaycanla tək qoydu və biz düşməndən 200 illik öcümüzü aldıq, torpaqlarımızı geri qaytara bildik. Rusiya təzədən niyə bunun əksini etsin ki? Edəcəkdisə, bizə nədən dəstək verirdi? Bizə dəstək veribsə, verirsə, Ermənistanı niyə təzədən dirçəltsin. Biz Ermənistanda yox, Rusiyada iqtidar dəyişikliyindən, bu perspektivdən rahatsız olmalıyıq məntiqlə.
Baş Qərargah rəisi Paşinyanı devirmək anonsu verdi. Onun bu işi Rusiyanın gizli tapşırığı ilə etdiyi iddiaları var. Bizim Baş Qərargahımızın sabiq rəisi Nəcməddin Sadıqovun da Rusiyaya bağlı olduğu kimsəyə sirr deyil. O və digər Rusiyaya bağlı olduğu deyilən generallar vəzifədən getsələr də orduda təsir imkanları qalırmı? Dövlətimiz Ermənistanda başlayan proseslərə həm də bu kontesktdən baxırmı, baxmalıdırmı? Rusiyaya bağlı qüvvələr - həm orduda, həm mülkü vəzifələrdə - fəallaşa, problem yarada bilərmi?
İndi isə bir sitat oxuyaq. "Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”. Bunu da Prezident İlham Əliyev Ramanadakı çıxışı zamanı deyib. Ölkə başçısı müttəfiqlər deyəndə hansı ölkələri nəzərdə tutur? Biri Rusiya. Bəs, o birilər kimlərdir? Yeni müharibə riski nə dərəcədə arta bilər, əgər Ermənistanda hakimiyyət dəyişsə, revanşistlər iqtidara gəlsə? Prezident İlham Əliyev bu fikrə düşənlərə yumruq göstərib, deyib bunu (yumruğu) unutmasınlar. Prezidentin "Ermənistan kimi bir terrorçu dövlətin ordusu olmamalıdır" fikri də maraqlldır. Beynəlxalq təcrübədə hansısa təcavüzkar dövlətin ordusuzlaşdırılması nümunəsi varmı? 2-ci dünya müharibəsindən sonra Yaponiyaya ordu saxlamaq qadağan edilib, səhv etmirəmsə. Yaponiyanın rəsmi formada təslim olması, 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş verib. Bu məğlubiyyətdən sonra, Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alınıb. Çünki antihitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər. Ona görə də həmin vaxt Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edilib.
Noyabrın 9-da Naxçıvanda yanlışlıqla Rusiya hərbi vertolyotu vuruldu, ardınca noyabrın 10-da Xırdalan üzərində raket vuruldu.
Həmin vaxt deyildi ki, bu, Ermənistandan atılan və paytaxt Bakını hədəf alan "İsgəndər" raketidi. Bakıya "İsgəndər" atılmasını bu günlərdə Rusiyadan təkzib elədilər. Amma iddia qalır. Bu iki hadisə Azərbaycan-Rusiya-Ermənistan arasında bağlanacaq məlum müqaviləni pozmağa hesablanmış kənar güclərin işi ola bilərdimi?
Martın 1-ə sayılı günlər qaldı. 11 yanvar üçtərəfli Moskva sazişinə əsasən qərara alınmışdı ki, bölgədə bütün kommunikasiyaların açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu yaradılacaq və hazırlanacaq konkret “yol xəritəsi”ni martın 1-dək - 3 lideri növbəti görüşünə təqdim edəcək. Mümkün olacaqmı? Xüsusən də Ermənistandakı kritik həddə olan daxili siyasi böhran fonunda bu, nə dərəcədə real görünür?
"Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”, - deyə Prezident əlavə edib. Bunu Prezident İlham Əliyev Bakının Ramanı qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni inşa edilən yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında deyib. “Ən müasir silahlar” deyərkən hansı silahlardan söhbət gedir və Azərbaycan silah tədarükü məsələsində müharibədən sonra hansı ölkələrə üstünlük verir? Bu sahədə priorotetlərə düzəli edibmi, yoxsa əsas silah tədarükçümüz yenə Rusiya olaraq qalır? Ən əsası, yeni silah tədarükü o deməkdimi ki, müharibə riski qalır hələ də?
Serj Sərksiyan dövründə Ermənistanla Avropa Birliyi arasında imzalanmış Tərəfdaşlıq Sazişi martın 1-dən qüvvəyə minir (Azərbaycanla da analoji sənəd üzərində iş gedir). Kapitulyasiyaya edən qonşu ölkədə buna az qala, çəhrayı ümidlər bəsləyirlər. Sənədin qüvvəyə minməsi böhranın dibində olan Ermənistan üçün nə deməkdir, iqtisadi dividentlər baxımından ona nə verə bilər? Bəs Dağlıq Qarabağ mövzusunda İrəvanın spekulyatuv manevr imkanları genişlənə bilərmi?