İlham Quliyev: “Nazirliyin aikidoya federasiya statusu vermək fikri yoxdur”
İdman
17-05-2023, 14:02
“Federasiyanın statusunun bərpası üçün Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etmişik. Ancaq nazirliyin aikidoya federasiya statusu vermək fikri yoxdur”.
Azərbaycan Aikikai Aikido Federasiyasının prezidenti İlham Quliyev deyib.
O bildirib ki, tələb olunan bütün sənədləri nazirliyə təqdim etmələrinə baxmayaraq, konkret cavab ala bilmirlər:
“Müsabiqə elan olunub, biz də sənədlərimizi təqdim etmişik. Bununla bağlı dəfələrlə müraciət ünvanlamışıq. Sənədlərə baxsaq, federasiya statusu verilməsi vacib olan yeganə qurum, bəlkə də, bizim təşkilatdır. Bununla bağlı çalışmalarımızı yenə də davam etdiririk”. Bakıda olan Beynəlxalq Aikido Federasiyasının prezidenti Vilko Vrisman da ölkəmizə məhz bu məqsədlə gəldiyini söyləyib:
“Burada olmağımın səbəbi elə bu imkanı yaratmaqdır. Bu, o demək deyil ki, hazırda bunu etməyin düzgün vaxtıdır. Beynəlxalq Aikido Federasiyası olaraq nazirliklə görüşün mümkünlüyünü araşdırdıq, amma cavab almamışıq. Bu idman növü beynəlxalq standartlara cavab verir. Milli federasiya statusu yalnız beynəlxalq federasiyaya üzv olan təşkilatlara verilir. Azərbaycan Aikikai Aikido Federasiysı da Beynəlxalq Aikido Federasiyasının tamhüquqlu üzvüdür”.
Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycan Aikido Federasiyasının statusu Gənclər və İdman Nazirliyi tərəfindən dayandırılıb.