Azərbaycan boksçusu dünya çempionatında finala yüksəlib - (YENİ)
İdman
12-05-2023, 16:17
Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.
86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.
O, hər 3 raundu xeyrinə bitirib. Alfonso yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq.
Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu - Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
10:56 Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə dünya çempionatı davam edir.
Bu gün Azərbaycanın iki təmsilçisi yarımfinal görüşünə çıxacaq.
Alfonso Dominges (86 kq) həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) ilə üz-üzə gələcək. Məhəmməd Abdullayev (+92 kq) bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.