"1 aydır üçtərəfli bəyanatla işğaldan azad olunan doğma Qarabağa qayıdış prosesinə hazırlıq gedir. Bölgədən zorla qaçqın və məcburi köçkün edilənlərin başlıca olaraq yerli azərbaycanlıların olması da hamıya bəllidir. İşğal tərəfi isə Suriya, Livan, Fransa, ABŞ və digər ölkələrdən terrorçu erməniləri saxta qeydiyyatla torpağımıza yerləşdiriblər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "İgid döyüşçülərimizin zəfər yürüşü ilə qaçaq düşənlər də Rusiya sülhməramlılarının dəstəyi ilə geri qaytarılıb. Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qeydiyyat, qayıdış siyasəti isə ciddi narahatlıq doğurur. Təsəvvür edin, “Qaçqınkom” Qarabağda -atasının doğma yurdunda pasport qeydiyyatında olan, 16 ildir “məcburi köçkün” statusu olan 2004-cü il doğumlu İbrahimov Əfqan Elçin oğluna müvafiq vəsiqənin verilməsindən imtina edir . Bilirsiniz nəyə görə? İnanmayacaqsınız, amma Əfqanın atası, 2-ci dərəcəli Qarabağ əlili İbrahimov Elçin Əfqan oğluna sözügedən dövlət qurumundan bildiriblər ki, 16 yaşlı uşağın yetkinlik yaşı çatmadığına görə, anasının razılığı olmadan ölkədən çıxışına icazə verilmir. Məcburi köçkün Qarabağ əlili ha çalışsa da, “Qaçqınkom” məmurlarına oğlunu heç bir xarici ölkəyə aparmaq fikrində olmadığını , Qarabağın BMT tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edildiyini desə də , hələ də “məcburi köçkün” vəsiqəsini “almaq şərəfi”nə nail ola bilmir. Bir də, axı, “məcburi köçkün” statusu olan şəxsə müvafiq vəsiqənin verilməsinə valideynlərin razılığının olub-olmamasının olmamasının nə aidliyi var ? Yəqin ki, müvafiq dövlət qurumları bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin edəcək. Hələlik DTX və digər hüquq mühafizə orqanları Qarabağ əlilinin şikayəti üzrə “Qaçqınkom”a sorğu göndərməklə yetərlənir. Maraqlı faktlardan biri də odur ki, komitənin Tariyel adlı əməkdaşı məcburi köçkün Qarabağ əlilinə , onun adını hallandırdığına görə , hədə-qorxu gəlib və heç vaxt vəsiqə verilməyəcəyinə söz verib. Soyadını açıqlamaqdan imtina edən başabəla məmurun etik davranış qaydalarını pozmasından, vətəndaşı müraciət etmək hüququna görə hədələməsindən “Qaçqınkom”da hansı yellər əsdiyini, hansı suların axdığını təsəvvür etmək olar. Nə yazıq, bu yellər və sular düşmən dəyirmanının saxta soyqırım üyütməsinə yardım edir.
Deyəsən, “Qaçqınkom”da da Konstitusiya, qanun yox, sıradan məmurların özbaşınalığı ən yüksək hüquqi qüvvəyə malikdir axı!"
İddia olunanlarla bağlı Oxu.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...