Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməkdə təqsirli bilinən Abbasıpestekan Alıreza Hosseıngholının barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
“Axin.az”in xəbərinə görə, hakim Fuad Soltanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, İran İslam Respublikasının vətəndaşı olan A.Abbasıpestekanın barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (narkotik, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham aktına əsasən, o, ötən ilin may ayının 15-də İrandan Azərbaycana 60 ədəd metadon həbini daxili orqanı - düz bağırsağında keçirmək istəyib. Lakin Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda gömrük nəzarətiçiləri A.Abbasıpestekanı saxlayıb.
Astara Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.