Hepatit C qaraciyər xərçənginin aparıcı səbəblərindən biridir. Həmçinin qeyri Hodgkin limfoması, öd yolları xərçəngi ilə əlaqəlidir.
Aztibb.az xəbər verir ki, bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Hepatit C-nin erkən diaqnostika və müalicəsi zamanı pasiyent tamamilə sağala bilər. Bu da, öz növbəsində xərçəng və digər fəsadlaşmaların riskini azaltmaqda böyük rol oynayır. Bu səbəbdən hepatit C skrininqi və müalicəsi çox vacibdir.
Təəssüf ki, bir çox insan xroniki hepatit C ilə yaşayır və bundan xəbərsizdir. Çünki xroniki hepatit C bir çox hallarda qaraciyərin ciddi zədələnməsinə qədər heç bir əlamətlə özünü büruzə vermir.
Xərçəngdən əziyyət çəkən hepatitli xəstələrdə qaraciyər sirrozu daha tez formalaşır. Bədxassəli şişlərin müalicəsi üçün aparılan kimya terapiyası immuniteti zəiflədir, bu da virusun baş qaldırıb kəskin qaraciyər xəstəliyinə səbəb olmasına gətirib çıxarır. Bu fenomen “Hepatit C-nin reaktivasiyası” adlanır.
Hepatit C müalicə olunmazsa qaraciyərin geridönülməz zədələnməsinə yol aça bilər. Nəticədə infeksiyanın ağırlaşmasına görə pasiyentə qaraciyər transplantasiyası tələb oluna bilər.