Hakimiyyətə yaxın mənbələrdən sızan məlumata görə prezident adminsitrasiyası xarici əlaqələr şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyevin xarici işlər naziri vəzifəsinə təyin ediləcəyi gözlənilir. İddiaya əsasən bu barədə artıq siyasi razılıq verilib. Hazırki xarici işlər naziri Ceyhun Bayramov isə baş nazirin müavini olacaq.
Son bir neçə ildə ulduzu sürətlə parlayan Hikmət Hacıyev xüsusilə 44 günlük ikinci Qarabağ müharibəsi zamanı media və sosial şəbəkələrdə intensiv təbliğ olunub. İctimaiyyətə onun savadlı, sadə məmur obrazı təqdim edilib.
Lakin XİN və administrasiya daxilindəki bəzi mənbələr bu təyinatın da diplomatik korpusda Elmar Məmmədyarovdan qalan, lakin hələ də həllini tapa bilməyən problemlərə son qoymayacağı qənaətindədirlər. Hikmət Hacıyevi yaxından tanıyanlar onun bu vəzifəyə gəlmək üçün uzun müddətdir potensial rəqiblərini və özünə mane ola biləcək şəxsləri zərərsizləşdirmək məqsədilə media kampaniyası apardığını iddia edirlər.
Hacıyevin indiki xarici işlər naziri Ceyhun Bayramovun təcrübəsizlyiyindən və bacarıqsızlığından istifadə edərək mövqelərini möhkəmləndirdiyi qənaəti çoxdan mövcuddur. Hesab edilir ki, Hikmət Hacıyev Ceyhun Bayramovun XİN-dəki problemlərin öhdəsindən gələ bilməyəcəyi barədə dövlət başçısı İlham Əliyevdə rəy yarada bilib. Buna görə də prezident onun xarici işlər naziri olmasına razılıq verib.
Lakin Hacıyevin XİN-də bütün rəqiblərini kənarlaşdırdığını da demək olmaz. Xüsusilə onu vaxtilə adi tələbə olduğu zaman diplomatik xidmətə götürərək yüksəlişində həlledici rol oynamış nazir müavini Araz Əzimovun bu təyinatı asan həzm edəcəyi qətiyyən inandırıcı görünmür. Əzimovun sonradan Hikmət Hacıyevdə xəyanətkarlıq, nankorluq hiss edərək onu rəhbərlik etdiyi idarədən kənarlaşdıraraq Misirdəki səfirliyiə faktiki sürgünə göndərdiyi də daxil olan məlumatlar sırasındadır.
Xatırladaq ki, Araz Əzimov xarici işlər nazirinin müavini vəzifəsinə 1994-cü ildə Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən təyin edilib.
Bu yaxınlarda Araz Əzimovun nüfuzdan salınması məqsədilə onun XİN-də iclas zamanı yuxuya getdiyi təəssüratı yaratmaq üçün çəkilən şəkilləri mediada yayılmışdı. Bunun isə Hikmət Hacıyevin istəyi ilə XİN-in mətbuat xidməti tərəfindən edildiyi nazirlikdə hamıya məlumdur. Çünki mətbuat xidmətinin rəhbərliyi Hikmət Hacıyevə çox yaxın şəxslərdir və faktiki olaraq onun nəzarəti altındadır.
Beləliklə bu iki şəxs arasında şiddətli qarşıdurmanın mövcud olduğu şəraitdə Hikmət Hacıyev xarici işlər naziri təyin edilərsə XİN daxilində çəkişmələrin daha da kəskinləşəcəyi şübhə doğurmur. Hikmət Hacıyevin prezidentə yaxınlığından istifadə edib vaxtilə vəzifə naminə çoxlarını satdığı kimi əlini çörəyə çatdırmış Araz Əzimovu kənarlaşdırması da mümkündür. Lakin yenə də onun təyinatının XİN-dəki digər təcrübəli diplomatlar tərəfindən qəbul ediləcəyi ağlabatan görünmür. Onlar isə uzun illərdir nazir müavini olan Mahmud-Məmməd Quliyev, Xələf Xələfov və XİN-dəki digər vəzifə sahibləridir. Bu şəxslər Hikmət Hacıyev hələ Araz Əzimov tərəfindən XİN-ə gətirilməmişdən əvvəl nazir müavini postlarını tuturlar.
Beləliklə, Hikmət Hacıyevin xarici işlər naziri vəzifəsinə gəlməsi ilə diplomatik korpusu ciddi dramatik hadisələr, qarşıdurmalar və qalmaqalların yeni dalğasının bürüyəcəyi təxmin edilir. Bunun zərbəsinin isə hazırda ikinci Qarabağ müharibəsindəki qələbədən sonra xarici siyasətdə çətinliklərlə üzləşməkdə davam edən Azərbaycan diplomatiyasına dəyəcəyi qaçılmazdır.
Mediafakt.com