Ekspertlər qeyd edir ki, rəsmi nikahı olmayan insanlara dini kəbin kəsilməsi qadağan edilib, amma...
Milli Məclisin son iclasında vətəndaş nikahı məsələsi gündəmə gətirilib. Deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını deyib. “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”, - deyə o qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.
Qeyd edək ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə nikahlara el arasında “molla kəbini” də deyirlər. Bəzi hallarda hətta “dini nikah” olmadan da ailə quranlar olub. Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Qeyri-rəsmi xəbərlərə görə, vətəndaş nikahlarının sayı artmaqdadır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Dövlət Statistika Komitəsinin yaydığı digər bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını demək olar.
Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayında azalma müşahidə edilsə də, indiki göstəricilər də az deyil. Üstəlik, bu rəqəmlər sadəcə uşaq dünyaya gətirənlərin sayını əks etdirir. Reallıqda isə qeydiyyata alınmayan nikahların sayı daha çoxdur. Rəsmi məlumata görə, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı kəndlərdə daha çoxdur. Bir çoxları vətəndaş nikahlarının tam qadağan olunmasını təklif edir və hökuməti bununla mübarizəyə səsləyir.