Rusiyaya bir zərbə də Sudandan gəldi: Moskva “Afrikanın canı”nı itirir

Manşet / Müsahibə
1 Mayıs 2021
12:48
Amerika və Avropa tərəfindən dalana sıxışdırılan Rusiyaya bir zərbə də Afrikadan vuruldu.

Ovqat.com xəbər verir ki, Sudan hökumətinin sabiq ölkə lideri Ömər Əl Bəşir təfərindən Rusiya ilə imzalanmış hərbi müqavilənin ləğv etdiyi bildirilir.

“Şərqül-əvsat” nəşrinin Sudanın rəsmi dairələrinə istinadən yaydığı məlumata görə, Xərtum hökuməti bu barədə qərarı imzaladıqdan sonra Rusiyanın Port Sudan Limanında inşa etdiyi hərbi bazasında işlər dayandırılıb. Qərarda Rusiya ilə bağlanmış hərbi razılaşmanın ancaq yeni parlamentin icazəsi ilə davam edəcəyi bildirilib.

“Şərqül-əvsat”-ın mənbələrin məlumatına görə, Sudan Hərbi Keçid Hökumətinin sədri general Əbdül əl-Burhan Baş nazir Abdullah Həmdukun təsdiqi ilə Sudan ordusunun Qırmızı Dəniz Hərbi Dairəsi Komandanlığına Rusiya gəmilərinin və əsgərlərinin Flamingo hərbi bazasına yaxınlaşmasının qarşısını almağı tapşırıb.

Rusiyanın paytaxt Xərtumdakı səfirliyi isə bu barədə onlara hər hansı məlumat verilmədiyini bildirərək xəbəri təkzib etməyə çalışıb. Səfirliyin rəsmi Facebook səhifəsində yayılan məlumatda bildirilib ki, bu xəbər iki ölkə arasında münasibətləri korlamaq üçün ortaya atılmış dezinformasiya da ola bilər.

Rusiyaya bir zərbə də Sudandan gəldi: Moskva “Afrikanın canı”nı itirir


"Sudanın Qırmızı dənizdəki Flamingo Bazasındakı Rusiya hərbi mövcudluğu ilə əlaqədar müqaviləni dayandırdığı iddialarının və mübahisələrinin məqsədi iki ölkə arasındakı ənənəvi dostluq əlaqələrini zədələməkdir. Rusiya səlahiyyətliləri Sudandan Sudan ərazisindəki Rusiya dəniz logistika məntəqəsinin inşasına dair müqavilənin dayandırıldığına dair heç bir bildiriş almadı. Bu müqavilə iki ölkənin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və bu hələ baş verməyib".

Fikrimizcə, Sudan hökumətinin Rusiya səfirliyinə hər hansı açıqlama verməməsinə baxmayaraq, belə bir qərar qəbul etməsi mümkündür və qətiyyən təəccüb doğurmur. Üstəlik, Rusiya səfirliyinin rəsmi açıqlamasından da göründüyü kimi, həmin sazişin parlamentdə ratifikasiya olunmadığı etiraf edilir ki, bu da “Şərqül-əvsat”-ın qaynaqlarının iddialarını yalanlamır. Zatən sözügedən qaynaqlar da Xərtum hökumətinin qərarında Rusiya ilə bağlanmış hərbi razılaşmanın ancaq yeni parlamentin icazəsi ilə davam edəcəyinin bildirildiyini xəbər veriblər.



Digər tərəfdən, ABŞ-la Rusyanın Sudan uğrunda mübarizəsində yaşanan son gərginliyin üzərindən cəmi iki ay zaman keçir. Fevral ayının 28-də Rusiyanın ən müasir “Kalibr” raketləri ilə silahlanmış “Admiral Qrigoroviç” freqatı Qırmızı dənizdəki Port Sudan limanına girmiş, ertəsi gün həmin limanda ABŞ-ın 'USS Winston S. Churchill' adlı hərbi gəmisi də peyda olmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələri bu səfərin Sudanla bir neçə gün əvvəl əldə olunan razılaşma çərçivəsində hərbi əlaqələri inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdi. Rusiya isə hələ ötən ilin noyabr ayında Sudanla hərbi bazanın inşası ilə əlaqədar imzalanan müqavilənin mətnini yayımlamışdı. Görünür, Sudan sahillərində ABŞ donanması ilə qarşı-qarşıya gələ biləcəyi ehtimalını nəzərə alan Moskva Port Sudana gəmi göndərməmişdən bir neçə ay əvvəl belə bir legitim hüququnun olduğunu diqqətə çatdırmaq istəmişdi.



Rusiyanın mətini yaydığı razılıq sazişinə görə, Qırmızı dənizdə texniki xidmət və yanacaqdoldurma əməliyyatlarını və donanma heyətinin dincəlməsini təmin etmək üçün maddi-texniki dəstək mərkəzi yaradılacaq. Sənəddə, həmçinin logistika mərkəzinə 300 hərbi və mülki işçilərin, nüvə avadanlığı olan gəmilərin girməsinə icazə verilirdi. Bunun qarşılığında isə Sudan Rusiyadan hərbi silah və sursat alacaqdı.

Rusiyanın əsaslandığı sazişin digər çatışmayan və problemli tərəfi onun 2019-cu ildə devrilmiş Ömər əl-Bəşir tərəfindən imzalanması idi. Xatırladaq ki, keçmiş liderin bəxt ulduzu hələ 2008-ci ildə sönməyə başlamışdı. Həmin il Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsi prokuroru Luis Moreno-Okampo Ömər əl-Bəşiri 300 min adamın qətlində günahkar bilərək, soyqırım ittihamı ilə əlaqədar qətnamə hazırlamışdı. Beynəlxalq tribunal bu qətnaməyə istinad edərək Bəşiri dünyanın harasında olursa olsun həbsinə qərar vermişdi. Həmin qərardan sonra diktator öz ölkəsindən kənara çıxa bilməmişdi. Ardınca da ölkənin cənubunda separatçı hərəkat başlamışdı. Beynəlxalq qurumların təzyiqi ilə Sudan hakimiyyəti ölkənin cənubunda referendum keçirməyə razılaşmışdı. 2011-ci ildə keçirilən referendumda cənubluların 80%-ə yaxını ayrılığa səs vermişdilər və Ömər əl-Bəşər də bunu tanımaq zorunda qalmışdı. Beləcə, ölkə lideri xalqın gözündə vətən xaininə çevrilmişdi.



Cənubi Sudanın ayrılması Bəşir Sudanına böyük zərbələr vurdu, ölkə bütün neft və qaz yataqlarını itirdi. Bu da istər-istəməz əhalinin iqtsadi vəziyyətini daha da çətinləşdirdi və sonunda 2018-ci ilin sonunda böyük xalq etirazları başladı. O dövrlərdə Ömər əl-Bəşər Rusiyadan hərbi dəstək almaq üçün sözügedən müqaviləni imzaladı.

Di gəl ki, Ömər əl-Bəşirin bu son çırpınışı da fayda vermədi. 2019-cu ilin aprelində böyük xalq kütləsinin meydana axışması və ordunun da xalqın tərəfinə keçməsi ilə Sudan diktatoru devrildi. Üzərindən az keçməmiş vətən xaini kimi müttəhimlər kürsüsündə oturdu. Bu da azmış kimi, məhkəmə Ömər əl-Bəşiri soyqırım aktı törətməkdə günahkar bilən Beynəlxalq Tribunala təhvil vermək barədə qərar çıxardı.

İndi isə Rusiya həmin Bəşirin imzaladığı sazişə əsaslanıb Sudan sahillərində lövbər salmaq istəyir. Sudanda isə hazırda onu devirən və vətənə xəyanətdə ittiham edən qüvvələr hakimiyyətdədir. Həmin qüvvələr ölkənin ağ günə çıxmasının yolunu ABŞ-la mehriban münasibətlərdə görürlər. ABŞ isə Rusiya ilə eyni limanı bölüşmək istəmir. Dolayısıyla ABŞ-Rusiya ziddiyyətlərində tərəf seçimi qarşısında qalan Sudanın hara yönələcəyi də şübhə doğurmur. Rusiya səfirliyinin “Sudan hakimiyyəti bu qərar barədə bizi məlumatlandırmayıb” deməsinə bu konteksdən nəzər salanda sözügedən açıqlama nəinki təkzib kimi səslənmir, hətta ““vətən xaini” ilə müqavilə imzalamış dövləti məlumatlandırmağa ehtiyac yoxdur” məntiqini faş edən təsdiq təsiri bağışlayır.



Bəs, Rusiya donanması Sudan sahillərindən məhrum olmaqla nə itirir?

Qeyd edək ki, bu liman dünya ticarətinin önəmli keçid məntəqələrindən sayılan Qırmızı dənizdə yerləşir. Böyük dövlətə çevrilmək istəyən bütün nəhənglər öz ticari gəmilərinin təhlükəsizliyini təmin etmək üçün bu dənizə nəzarət uğrunda rəqabətdədirlər. Təsadüfi deyil ki, Rusiya kritik önəmə sahib Tartus limanındakı hərbi bazasını Port Sudan limanına köçürməyə və regionda hərbi qüvvələrini gücləndirməyə qərar vermişdi.

Sudan həmçinin cənub-şərqi Afrikada ən strateji mövqeyə sahib olan ölkədir. Sudana nəzarət etmək Misiri də öz ovcunda saxlamaq deməkdir. Nədən ki, qədim fironlar ölkəsinin aqrar sektoruna və təbiətinə, dolayısıyla insanlar da daxil olmaqla bütün canlı həyatına ömür bəxş edən Nil çayı Sudandan keçərək Misirə gedir. Divin canı şüşədə olduğu kimi, ərəb ölkələrinin ən böyük hərbi qüdrəti sayılan Qahirənin də canı Xərtumun əlindədir. Dolayısıyla Sudanı ələ keçirən istənilən beynəlxalq güc mərkəzi Misir üzərində də ciddi söz haqqına sahib ola bilər. Eyni sözləri cənubi Afrikanın digər ölkələri üçün də demək mümkündür.



Ən əsası isə, Port Sudanda yerləşdirilməsi nəzərdə tutulan rus donanması Moskvanın Hind okeanındakı hərbi qüvvələrinə də logistik dəstək verəcək və dünyanın ən qaynar nöqtələrinə çıxış təmin edəcəkdi. Sudanın yeni hökumətinin məlum qərarı ilə Rusiya Afrika və Asiyada planlaşdırdığı bir çox geosiyasi layihələrini gözdən çıxarmalı olacaq.

Aydəm İsmayılov,
Fəlsəfə elmləri doktoru
Ovqat.com
11.05.2021
20:00
"Real" Mendini itirdi