“Düşünürəm ki, sabah iki fərqli komanda üz-üzə gələcək. Süni örtüklü meydançada oynayacağıq. Bu bizə bir az problem yarada bilər. Amma bizdə Sezar Meza Kolli kimi oyunçu var. Bizdə hər şey qaydasındadır. Sabah hər şeyin yaxşı olacağına inanıram. Bununla belə, sabah hər şey sıfırdan başlayacaq. Bakıya yaxşı nəticə ilə dönmək istəyirik”.
Axın.az-ın xəbərinə görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov deyib.
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunu öncəsi mətbuat konfransı keçirilib. HİK klubu Helsinkidə əvvəlcə Azərbaycandan gələn media nümayəndələrini stadiona buraxmaq istəməyib.
Daha sonra məlum olub ki, oyunun keçiriləcəyi “Bolt Arena”da baş məşqçi Samir Abbasov və futbolçu Sezar Mesa Kollinin mətbuat konfransı üçün otaq təşkil olunmayıb. Nəticədə onlar açıq havada fikirlərini çatdırmalı olub:
“Bizim etdiklərimizin qarşılığında bu klubun belə şərait yaratması doğru deyil. Biz Bakıya gələn bütün rəqib komandalar üçün hər cür şərait yaratmışıq. Biz Helsinkiyə havaya və süni örtüklü meydançaya uyğunlaşmaq üçün oyundan iki gün əvvəl gəlməliydik. Lakin bizə keyfiyyətsiz meydança təqdim olundu. Ancaq inanmıram ki, bu, oyunumuza təsir göstərəcək. Sabah uşaqlar öz oyununu göstərəcək. Məğlubiyyət isə istənilən halda, bizə təsir edəcək. Ona görə mütləq bu komandanı keçməliyik”.
O, Helsinkiyə gətirilməyən portuqaliyalı müdafiəçi Uqu Baştu və Namiq Ələsgərovun durumu haqda isə bunları bildirib:
“Uqu Baştu bizimlə bir həftədir ki, məşq etmir. Onun məşq etməməsinin səbəbi koronavirusa yoluxmasıdır. Namiq Ələsgərovu Helsinkiyə gətirməməyimizin səbəbi sırf zədəsi ilə bağlıdır. Onsuz da bura gəlsəydi də, oynaya bilməyəcəkdi. Biz də istədik ki, Bakıda qalıb ailəsi ilə birgə olsun. Onun “Bursaspor”a keçidi ilə bağlı məsələlər barədə isə klub daha sonra tam ətraflı məlumat verəcək”.
Qeyd edək ki, HİK – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.
Səbuhi Musayev, Helsinki