“Əlbəttə, istərdik ki, biz bu vəsiqəni Yüksək Liqada mübarizə apararaq qazanaq. Ancaq mövcud vəziyyətlə əlaqədar bu, mümkün olmadı. Belə vəziyyətdə insan sağlamlığı hər şeydən üstündür. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Bu günlər də tarixin səhifələrinə yazılacaq və illər sonra xatırlanacağıq”.
Axın.az xəbər verir ki, bunu dünən UEFA Çempionlar Liqasında iştirakı rəsmiləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verərkən deyib.
Millimizin də əsas qapıçısı olan Rövşən Hüseynli son illər klub səviyyəsindəki uğursuzluqlardan danışıb:
“Çempionlar Liqasında hər şey açıqlanan reqlamentə uyğun davam etsə, mübarizəyə avqustda start veriləcək. Əvvəlcə ilkin mərhələnin oyunları, oktyabrda isə əsas mərhələnin görüşləri təşkil ediləcək. Kimin hansı mərhələdən mübarizəyə başlayacağı hələ ki açıqlanmayıb. Reytinq cədvəli dərc olunduqdan sonra bunu biləcəyik. Düzdür, son illərdəki nəticələrimizin ürəkaçan olmadığını deməliyəm. Bunun da səbəbləri müxtəlifdir.
Ötən il zallar bağlı olduğuna görə “Araz” Çempionlar Liqasının oyununa xalça üzərində 10-15 gün hazırlaşıb getdi. Halbuki normal hazırlıq keçsəydik, AEK-i böyükhesabla udacaqdıq. Üstəlik, reqlament də dəyişmişdi və cəmi bir oyun cütün taleyini həll etdi. İki il əvvəl isə səfərə komanda üzvlərinin demək olar, yarısı ilə yollanmışdıq. İranlı legionerlərimizə viza verilməmişdi. Bu kimi səbəblər uğursuzluğumuzla nəticələndi. Bunlar artıq tarixdə qalıb. Əvəzində milli komanda ilə uğurlu nəticə qazandıq və final mərhələsinə yüksəldik. Əlbəttə, hər zəif nəticəmiz reytinq cədvəlində geriləməyimizə səbəb olur. Üstəlik, digər klublar da inkişafdadır. Həm çempionatları güclənir, həm də klubları.
Transferlərlə və hazırlıqla bağlı detalları baş məşqçi açıqlaya bilər. Məncə, bu mövsüm mümkün qədər irəliləməyə çalışacağıq. “Araz” hər zaman favoritlər sırasında olub. Rəqiblərimiz bizə hörmətlə yanaşıb. Bizdən xal alanda seviniblər. Ona görə də əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”.
Xatırladaq ki, futzal üzrə Çempionlar Liqasının püşkü iyulun 7-də olacaq.