Müəllimi döydüyü iddia olunan direktor danışdı - YENİLƏNİB

43 22-09-2022, 15:30 Hadisə / Cəmiyyət



Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov müəllimi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Direktor Axin.Az-a açıqlamasında bildirib ki, müəllimi döyməsi düzgün deyil:

“Məsələ hüquq-mühafizə orqanlarında araşdırılır. Müəllimlərin də izahatı alınıb. İbtidai sinif müəllimi Fatma Musayeva ilə bizim mübahisəmiz dərs bölgüsünə görə baş verib. Həmin şəxs sertifikasiya imtahanından cəmi 16 bal toplayıb və müsahibə mərhələsinə də keçə bilməyib və ona 5 saat dərs düşür. Amma ikinci sinif apardığı üçün 14 saat - bölünməyən dərsləri ona verdim. Məktəbdə 10 sinif müəllimi və dörd sinif var. Ona görə də, bir saat dərsi ona əlavə etmədik. Bundan qəzəblənib məni təhqir etdi və döydüyümü iddia etdi”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, Goranboy rayon Kələk kənd tam orta məktəbinin direktorunun həmin məktəbin ibtidai sinif müəllimini döyməsi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

12:12

Goranboy rayonunda məktəb direktorunun müəllimə xəsarət yetirdiyi iddia olunur.

Oxu.Az-ın məlumatına görə, hadisənin rayonun Kələk kənd tam orta məktəbində baş verdiyi bildirilir.

Belə ki, iddiaya görə, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllim arasında mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır.

XƏBƏR LENTİ