Ermənistanın baş naziri Nikol Paşinyan hələ də utopik xülyalarla yaşayır. O ümid edir ki, “Dağlıq Qarabağın xilası” danışıqlar yolu ilə mümkündür. Belə ki, aprelin 14-də parlamentdə çıxış edən Ermənistanın hökumət başçısı ictimaiyyəti mürgülədən fikirlər səsləndirib.
“Yeni Müsavat”ın məlumatına görə, baş nazir “Qarabağ münaqişəsinin nizamlanması yaxın gələcək üçün ən vacib vəzifədir” söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin “işğaldan azad edilməsi” məsələsini qaldırmalıdırlar: “Bunu hərbi məsələ kimi deyil, siyasi danışıqlar məsələsi kimi formalaşdırmalıyıq”.
Paşinyan əlavə edib ki, “Dağlıq Qarabağın xilası naminə ayrılma” qətnaməsinin həyata keçirilməsini davam etdirməliyik, bu, “danışıqlar prosesinin əsasını təşkil etməlidir”. Buradan aydın görünür ki, məğlub baş nazir xəstə düşüncələrini beynindən çıxara bilməyib və erməniləri də belə nağıllarlarla yuxuya verməkdədir. O, Qarabağda işğaldan danışır, danışıqlara ümid edir, “bəlkə də qaytardılar” nağılına inanmaq istəyir. Amma Paşinyanın fikirlərində dəyişən bir mühüm məsələ də var - erməni baş nazir “erməni probleminin” həllini hərbi variantda görmür. Deməli, “Dəmir yumruq” onun başında ciddi travmalar yarada bilib və beyin silkələnməsi, şüurun qismən özünə qayıdışı halları baş verib. Yəni revanş arzularını unutmalıdırlar. Ümumiyyətlə, istər İrəvan, istər Bakı üçün indi prioritet məsələ nəqliyyat-kommunikasiyaların açılması olmalıdır. Ermənistan Qarabağda yaşayan ermənilərin dərdini çəkmək əvəzinə, Moskvada əldə olunan 11 yanvar razılaşmasının icrası istiqamətində addımlar atmalıdır. Bəs ermənilər “Dağlıq Qarabağın qaytarılması” kimi arzularla nəyə ümid bəsləyirlər? Hazırkı situasiyada onlar nəyə nail ola bilərlər?
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, son zamanlar Qərb dünyasında Dağlıq Qarabağın “statusu” gündəmə gətirilir və bu məsələni tez-tez təkrarlayırlar. Onun fikrincə, Minsk Qrupunun son bəyanatı da bu ruhdadır: “Azərbaycan dəfələrlə mövqeyini bəyan edib, deyib ki, status yoxdur və olmayacaq. Ermənilər isə mənasız israrlarını davam etdirirlər. Mənə belə gəlir ki, Paşinyanın parlamentdə bu çıxışı həm seçkiqabağı təbliğat kimi qiymətləndirilə bilər, həm də erməni xalqına göstərir ki, Dağlıq Qarabağı unutmaq olmaz, daim erməni cəmiyyətinin gündəmində qalmalıdır. Sadəcə, onlar Dağlıq Qarabağ haqda əminliklə danışmırlar, ümid edirlər və Azərbaycan da buna imkan verməli deyil”.
Siyasi ekspert hesab edir ki, sadəcə, bu məsələni beynəlxalq gündəmdə saxlamaqla Ermənistan cəmiyyətinin problemi kimi dünya ictimai rəyinə sırımaq istəyirlər: “Bununla müsəlman-türk dünyasının ”ədalətsiz və hüquq normalarına uyğun olmayan davranışı" imici yaratmağa çalışırlar. Amma tarix göz qabağındadır. Ermənilərin hazırda oturduğu torpaqlar 100 il qabaq Azərbaycanın olub, indi orada bir erməni dövləti qurublar, ikincini də Qarabağda qurmaq istəyirlər. Bu da biabırçılıqdır. Dağlıq Qarabağda yaşayan 50-60 min erməni üçün status mübarizəsi aparmaq absurddur. Üstəlik, onları zorla bu yerlərə gətiriblər, niyə status verilməlidir? Güman edirəm, gec-tez təbliğatımızla, apardığımız siyasi xətlə dünyanı inandıracağıq ki, bu adamlar 200 il qabaq Qarabağa gəliblər, status tələbləri beynəlxalq hüquq normalarına ziddir. Ümumiyyətə, bundan sonra ermənilər status mövzusunda danışmağa adət edəcəklər. Ancaq onları bu məsələdə də məğlub etməliyik".
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda seçki dövrü olduğunu nəzərdən qaçırmamalıyıq: “Paşinyan son sorğulara görə, 30-35 faiz elektorata malikdir. O, bu elektoratı genişləndirməyi hədəfləyib. Ona görə bu cür fikirlərini daxili auditoriyaya hesablanmış çıxış kimi dəyərləndirmək lazımdır. Çünki onun opponentləri bu məsələlərdə daha sərt ritorikadan istifadə edirlər. Paşinyan revanşist güclərin cəmiyyətdə müəyyən dayaqları olduğunu gördü, düzdür, onlar çox da deyil, Köçəryan-Sərkisyan komandasına heç güvən yoxdur, amma yenə də səhv etmək istəmir. Ona görə daha böyük kütləni ətrafına toplamağa çalışır deyə bu cür sərt bəyanatlar səsləndirir”.
N.Cəfərli hesab edir ki, münaqişənin həllində Rusiyanın söz sahibi olması nə Fransa, nə Amerikanı razı salır: “Onlar Minsk Qrupu formatında rol almağa çalışırlar. Rusiya bu formatdan imtina etmək istəmir, fikirləşir ki, daha kəskin forma ala bilər. Ona görə Minsk Qrupunda öz oyununu oynamağa çalışacaq. Biz isə Qərblə Rusiya arasında yaranmış bu ziddiyyətlərdən öz xeyrimizə istifadə edə bilərik. Prezident də dedi ki, onların təklifləri ola bilər. Bu da sülh sazişi olmalıdır. Azərbaycan sülh müqaviləsinə nail olmalıdır. Rusiyanın bu münaqişədə yeganə söz sahibi olması onun əlini gücləndirib, bu baxımdan Azərbaycan Minsk Qrupundan yayınmalı deyil. Düzdür, orada status kimi məsələlər qaldırıla bilər. Amma burada muxtariyyət yox, hansısa mədəni muxtariyyət, Xankəndində bizim qanunlar və bayrağımız altında mer seçkisi mümkündür. Yəni status sözündən çəkinməli və qorxmalı deyilik”.
REAL funksionerinin fikrincə, indi bizə lazımdır ki, Ermənistanda gərginlik olmasın, Paşinyan hökuməti məsələlərə daha adekvat yanaşır: “Ona görə kommunikasiyaların açılması, böyük sülh sazişinin bağlanması mümkün ola bilər. Odur ki, Minsk Qrupunun bu yöndə təkliflərlə gələcəyini istisna etmirəm. Amma Qərbdən status məsələsində israr olarsa, rəsmi Bakı da Göyçəyə, Vediyə azərbaycanlıların qaytarılmasını gündəmə gətirməklə onları neytrallaşdıra bilər”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev sual edib ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar: “Bütün bunlar Azərbaycanı ”qələbədən qırağa baxmaq" və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir. Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq, rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qafan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir. Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb".
F.Şəfiyev hesab edir ki, azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır: “ATƏT-in Minsk Qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır”.