Bəzən insanlar savadsızlıq ucbatından qarşılaşdıqları problemin əlində aciz qalırlar. Sanki dünyanın axırıdır kimi pessimist düşüncələr onlara hakim kəsilir. Azərbaycanda manatın dəyərdən düşməsinə cəmiyyətin reaksiyası da təxminən yuxarıda qeyd etdiyimiz kimidr.
Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlama verərək, bu kimi vəziyyətlərdə düzgün marrifləndirməyə ehtiyac hiss olunduğunu bildirib: “Bu gün düzgün maarifləndirməyə böyük ehtiyac var.
Çünki, insanın, əhalinin davranışı əsasən 3 amilin təsiri altında formalaşır:
1) Mühitdə baş verən proseslər, mühitin xüsusiyyətləri;
2) Əhalinin aldığı informasiyaların xarakteri;
3) Əhalinin dəyərlər yönümü, üstünlük verdiyi dəyərlər.
Cəmiyyətdə müəyyən böhranlı vəziyyət yarandıqda bu amillərin hər biri daha fəal ola bilər. Düzgün maarifləndirmə qurmaq üçün bu amillər, eyni zamanda böhranın özünün xüsusiyyətləri kompleks şəkildə nəzərə alınmalıdır. İndiki iqtisadi böhran eyni zamanda insanlar arasında bir qorxu hissi yaradır, sabaha inamlarını azaldır.
Bundan ölkəmizi istəməyən qüvvələr öz maraqları üçün istifadə edə bilərlər. Şükür ki, ölkəmizin bu böhrandan çıxmaq potensialı var. Ona görə də indi maarifləndirmə işini elə qurmaq lazımdır ki, əhalidə sabaha inam artsın, qorxu hissləri azalsın, onların hər biri böhrandan çıxmaq üçün ciddi fəaliyyətdə olsunlar. Bunun üçün əhalinin sözünə inandığı adamlar- mütəxəssislər, ziyalılar TV lərdə, sosial şəbəkələrdə konkret faktlar üzrə maarifləndirmə işi aparmalıdır”.
Sosioloq həmçinin quru sözlərlə, yaltaq formada maarifləndirmə aparmağa son qoyulmalı olduğunu söyləyib: “Yaltaq, reklamvari danışanların bu prosesdən uzaq olması daha məqsədəuyğundur. Çünki onların danışıqları insanları qıcıqlandırır və əks effekt verir. Eyni zamanda bu maarifləndirmə işi sadəcə quru sözlə aparılmamalıdır. Ölkədə ümidverici bir sıra islahatlar aparılmalıdır. Başqa ölkələrin təcrübələri də diqqət mərkəzinə gətirilməlidir. Ölkəmizin qüdrəti, potensialı, hökumətin atdığı mühüm addımlar barədə təmkinli, intellektual söhbətlər edilməli, video materiallar nümayiş etdirilməlidir”.
Əhməd Qəşəmoğlu həmçinin bu gün ölkədə kifayət qədər elmi və praktiki potensialı olan mütəxssəsislərin, əsasən də iqtisadçıların siyasi mövqeylərinə və baxışlarına görə maarifləndirmə, problemlərin həll olunması istiqamətərindəki işlərdən uzaq tutulmasına son qaoyulmalı olduğunu vurğulayıb:
“Buna son qoyulmalıdır. Azərbaycanın mənafeyini qoruyan, bütün vətənpərvər mütəxəssislərin potensialından geniş istifadə olunmalıdır. Əgər kiminsə mövqeyi səhvdirsə, elə efirdə də bu mövqeyə münasibət bildirmək olar. Yoxsa həmin səhv mövqe müəyyən sosial təbəqələrdə ictimai rəy yaratmaqla gərginliyi artıra bilər. Əksinə mövqe düzdürsə, ondan istifadə etmək lazımdır”.