“Bu modelin mahiyyəti ondan ibarətdir ki, biz insanları inandırmalıyıq ki, əvvəlki kimi toylar olmayacaq. Çünki bundan sonra yer üzündə o cür toyların keçirilməsi təhlükəli olduğu üçün mümkün olmayacaq”
Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq yeni bir toy modeli təklif edib və bu modeli keçməyimizin vacibliyini vurğulayıb:
“Mən tamamilə yeni bir toy modeli təqdim etmək istəyirəm. Bu modelin mahiyyəti ondan ibarətdir ki, biz insanları inandırmalıyıq ki, əvvəlki kimi toylar olmayacaq. Çünki bundan sonra yer üzündə o cür toyların keçirilməsi təhlükəli olduğu üçün mümkün olmayacaq. Amma biz eyni zamanda, toyumuzu da etməliyik. Gənclər istəyir ki, həyatlarında bir dəfə toyları olur və o da təmtəraqlı olsun. Nigahı 4-5 adamın iştirakı ilə kəsmək bir çoxlarının ürəyincə, deyil. Amma ortada çox güclü amil var və bu da ondan ibarətdir ki, valideyn deyir “mən neçə ildi toylara pul salmışam və indi toyumu edib həmin pulları yığmalıyam”. Onda biz necə edək ki, həm toy olsun, həm gənclərimizin istəkləri həyata keçsin, həm valideynlərin pulu geri qayıtsın, həm də təhlükə olmasın. Bunun üçün tamamilə yeni bir toy modelinə ehtiyac var.
Bu toy modelində öz xalqımızın adət-ənənəsini nəzərdən keçirsək, təhlil etsək, onu ortaya qoymaq çox asandır. Mən uşaq olanda kəndlərdə keçirilən toylarda indiki kimi ziyafət olmurdu. Bu son otuz ilin məhsuludur. Kənddə camaat bir həyətdə yığışardı və toyu əsasən rəqsin üzərində qurardılar. İnsanlar toyda iştirak edib, oynayırdı ki, toy sahibi ondan razı qalsın. Yeməyi isə yalnız uzaqdan gələn qonaqlara verirdilər. Ona görə də biz indi belə bir toy modelinə keçməliyik. Böyük şadlıq saraylarının daxilində, ya da həyətlərində, açıq havada rəqs üzərində qurulan toy məclislərinin keçirilməsinə şərait yaradılmalıdır. Burda da insanların çox sıx dayanmasına imkan verilməməlidir. Toya isə 500-1000 adam çağırılmalı deyil. Toy sahibi isə pulunu yığmaq üçün hamıya elan verə bilər ki, toy şənliyim var, iştirak edə bilərsiniz.
Bununla da bütün şeylər ödənmiş olur, təhlükənin də qarşısı alınar. Stolun üstündə isə sular, limonadlar, təhlükəsiz şirniyyatlar ola bilər. İnsanlar isə toyda beş saat yox, bir saat iştirak edib getməlidir. Mənim təklif etdiyim bu modellə bütün şeylər həll olunur. Söhbət burda təkcə virusdan yox, həm də israfçılıq təhlükəsindən gedir”.