“Ən böyük arzumdur ki, xalqımız müharibədə şəhid olan öz qəhrəmanlarını tanısın. Hər bir əsgərimizin həyatı bir dastandır”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktyor İlqar Cahangir deyib. İ.Cahangir bu cür filmlərin çəkilməsi üçün maliyyə vəsaitinin ayrılmasının vacibliyini vurğulayıb:
“Qazaxıstanın bizim Qarabağ Savaşı haqqında belə bir film çəkməsinə sevindim. Filmlər çəkilməlidir, gözləyirik. İndi şükür Allaha qələbə çaldıq. Aktyor da, rejissor da, ssenarilər də var, amma sadəcə maliyyə yoxdur. Kinoya pul verən yoxdur, pul ayırsınlar bu mövzuda yaxşı filmlər çəkək. Ən böyük arzumdur ki, xalqımız müharibədə şəhid olan öz qəhrəmanlarını tanısın. Hər bir əsgərimizin həyatı bir dastandır. Mən özüm də qazilərimizlə, şəhidlərimizin ailələri ilə görüşəndə qeydlər apardım. İnanın ki, heç kim özünü tərifləmirdi. Özlərindən yox, dostunun qəhrəmanlığından danışırdı. Öz qardaşım oğlu bir kəlmə söz danışmırdı. Hansı ki, onlar Şuşanın ətraf kəndlərinə qədər vuruşmuşdular.
Oynadığımız seriallar bir tərəfə, amma müharibə mövzusunda çəkiləcək filmlərə çox böyük ehtiyac var. Əsas bu filmlər çəkilməlidir. Biz hamımız bunu səbirsizliklə gözləyirik. Elə şeylər var ki, ondan hətta imtina etməyə belə hazırıq ki, əsas odur bu iş alınsın. Çox bir gözəl iş qurub işləmək olar. Özüm oynamışam deyə demirəm, müharibə mövzusunda bir neçə film çəkilib. Məsələn, onlardan “Dolu”, “Yarımçıq xatirələr” və “Son nəfəsədək” filmləri çəkildi. Görün bu filmlər insanlara necə ruh verdi. Ümumiyyətlə, mədəniyyət, kino sahəsi ən böyük silahdır. Bu gün işğaldan azad edilən torpaqlarımızın turizmindən çox, mədəniyyət sahəsini genişləndirsələr, filmlər çəkilsə, inanın ki, o turizm də infrastruktur da inkişaf edəcək. Bir şey var ki, daşı-daş üstündə qoyursan, amma bir də var ki, yaddaş yaradırsan. Daşı nə vaxtsa sökürlər, amma yaddaşı silmək mümkün deyil”.
Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən Müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb.