“Əl Əxbariyə” nəşrində Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xorinin “Müharibədə parlaq Qələbə qazanan Azərbaycan dağıdılmış ərazilərinin bərpasına başlayıb” sərlövhəli məqaləsi dərc edilib.
AXİN.AZ xəbər verir ki, məqalədə 44 günlük müharibədən sonra Azərbaycan xalqının işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərinin bərpası prosesinə başladığı qeyd olunur. “Bu proses müharibədə Zəfər qazanmaq qədər mühümdür. Belə ki, işğaldan azad olunmuş ərazi Lüksemburq dövlətinin sahəsindən 4 dəfə böyükdür. Erməni işğalçıları həmin torpaqlarda hər şeyi, o cümlədən evləri və dini abidələri viran qoyublar. Lakin bu dağıntılar Azərbaycanın evləri, infrastrukturu və digər obyektləri bərpa etmək, minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına nail olmaq əzmini azaltmır”, - deyə məqalədə vurğulanır.
Müəllif yazır ki, bərpa işləri təkcə evlərin tikilməsi ilə məhdudlaşmır, həmçinin irimiqyaslı layihələr də həyata keçirilir. Hazırda Füzuli şəhərində aeroportun tikintisi sürətlə davam edir, yaxın vaxtlarda daha iki hava limanının inşasına başlanacaq. O əlavə edir: “Bütün bu tikinti və bərpa işləri torpaqların işğaldan azad olunmasına rəhbərlik etmiş Prezident İlham Əliyevin birbaşa və gündəlik nəzarəti altında aparılır. Azərbaycanın dövlət başçısı müharibədə Qələbə sevincini öz torpaqlarından zorla köçürülmüş insanların doğma evlərinə qovuşması xoşbəxtliyi ilə tamamlamaq istəyir”.
Əlcəzairli professor vurğulayır ki, Azərbaycan son onilliklər ərzində İslam ölkələri arasında müharibədə Zəfər qazanan və dərhal öz ərazilərini bərpa etmək əzmi nümayiş etdirən yeganə ölkədir.