2015-ci ildə AzTV-də yayımlanan səs-küylü “Səs Azərbaycan” layihəsinin bütün videoları rəsmi “Youtube” kanalından silinib.
Axin.az-ın məlumatına görə, sözügedən kanalın adı da dəyişdirilərək “Səs uşaqlar”la əvəz olunub.
İTV-də yayımlanması planlaşdırılan “Səs uşaqlar” yarışmasının 26 yanvardan start götürəcəyi bildirilirdi. Lakin verilişin anonsları yayımlanmayıb və nə vaxt başlayacağı barədə məlumat yoxdur. “Səs Azərbaycan” “Youtube” kanalının adının dəyişdirilməsi də məhz bu layihə ilə bağlıdır.
Məsələ ilə bağlı sosial şəbəkədə müzakirə yaranıb. İTV-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən isə arxivin hansı səbəbdən silinməsi barədə məlumat verilməyib.
Qeyd edək ki, həmin “Youtube” kanalında iştirakçılarla yanaşı Xalq artistləri Tünzalə Ağayeva, Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artist Manananın da çıxışları yer alırdı.