"Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik. Yüksək səviyyəli təşkilatçılıq gördük".
"Axin.az"ın məlumatına görə, bunu UEFA-nın Milli Assosiasiyalar üzrə Departamentinin rəhbəri Tyerri Favr AFFA-nın növbəti konfransında çıxışı zamanı deyib.
Avropa futbol qurumunun rəsmisi AFFA-nın fəaliyyətini dəstəklədiklərini söyləyib. O, AFFA-nın AVRO-2020-nin 4 oyununu uğurla təşkil edəcəyinə əminlik ifadə edib. Favrın sözlərinə görə, 2019-cu ilin Azərbaycan futbolu üçün daha bir böyük uğuru baş katib Elxan Məmmədovun UEFA Fair Play komitəsinin sədri seçilməsi olub.
UEFA nümayəndəsi futbolun dünyada üzləşdiyi problemlərə də diqqət çəkib.
FİFA-nın Üzv Assosiasiyalar Şöbəsinin Avropa Regionu üzrə direktoru Emili Şou qurumun prezidenti Canni İnfantinonun salamlarını çatdırıb. O, futbol infrastrukturu layihələrinin həyata keçirilməsində AFFA-nın rolunu xüsusi vurğulayıb: "Azərbaycana dəfələrlə səfər etmişəm. Hər dəfə inkişafın şahidi olmuşduq. 2008-ci ildə Azərbaycanda qadın futbolu yox idi. Hətta baş katib Elxan Məmmədov -1 səviyyəsindən başladıqlarını demişdi. İndi isə bu sahədə də böyük irəliləyişlərə görürük. FİFA sizinlə əməkdaşlıqdan məmnunluq duyur".