“Əgər konfransda iştiraka gediriksə, İran bundan qıcıqlanmırsa, niyə də İsraildə səfirliyimiz olmasın?!”
Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətt üzrə inkişaf dövründə maliyyə naziri Samir Şərifov yəhudi təşkilatı olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik konfransında iştirak edib.
Martın 1-də ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatının toplantısına qatılan nazir iki ölkə münasibətlərindən, Qarabağ məsələsindən, İsrailin ərəb ölkələri ilə əlaqələrinin qurulmasında Azərbaycanın körpü rolu oynaması və digər məsələlərdən danışıb.
Yəhudilərin ölkəmizdə əsrlər boyu sülh, əmin-amanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadıqları qeyd edilib.
Nazir həmçinin deyib ki, tarixi mənbələr Azərbaycan ərazisində yəhudilərin 2600 ildir yaşadığını göstərir. Hazırda ölkəmizdə 30 min yəhudi var.
Maliyyə nazirinin məhz o toplantıda iştirak etməsinin səbəbi var. S.Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədridir. Bəs bu cür toplantılarda iştirak Azərbaycan-İsrail əlaqələri üçün hansı əhəmiyyəti kəsb edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın həm İsrail dövləti, həm yəhudi lobbisi ilə genişlənməkdə olan əməkdaşlığı var.
Onun sözlərinə görə, həm İsrail rəsmiləri, əm yəhudi lobbisinin təmsilçiləri Azərbaycana səfərlər edirlər: “Bu səfərlər zamanı Bakıya, Qubaya gəlirlər, yəhudilərin ölkəmizdə necə azad, rahat yaşadıqlarını görürlər, tolerantlığı yüksək qiymətləndirirlər. Ümumiyyətlə, 100 illərdir ki, yəhudilər burada təhlükəsiz, azad yaşayır, heç bir ayrı-seçkiliklə qarşılaşmır.
Hətta Amerikada yəhudilərə qarşı hansısa xoşagəlməz münasibət ola bilər, amma Azərbaycanda heç vaxt antisemitizm olmayıb".
E.Şahinoğlu S.Şərifovun yəhudi təşkilatının toplantısına getməsini təsadüf saymır: “Maliyyə nazirimiz Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədridir. Bu səfər kifayət qədər vacib və əhəmiyyətlidir. Lakin iki ölkə arasında belə bir yaxınlaşma olduğu halda İsraildə Azərbaycan səfirliyinin açılmaması başadüşülən deyil. Artıq Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır.
Biz bu məsələdə fəllaşmalıyıq, geri qalmamalıyıq. Hətta İsraillə soyuq münasibətləri olan Türkiyənin, o cümlədən Qazaxıstanın yəhudi dövlətində səfirliyi var.
Əgər Ermənistan İsraildə səfirlik açsa, Azərbaycan əleyhinə təbliğatı gücləndirəcək. Ona görə geri qalmamalıyıq.
Üstəlik, İran amilini nəzərə alırıqsa, hazırda qonşu dövlətin başı Amerikanın tətbiq etdiyi sanksiyalara, koronavirusla mübarizəyə qarışıb.
Yəni hesab etmirəm ki, fürsətdir. Sadəcə, indiki halda imkanlar var ki, İsraildə Azərbaycan səfirliyi açılsın. Buna görə Tehran Bakıya bir söz də deməz. Əksinə, İsraildə səfirliyimiz açılmayanda zəif görünürük.
Bu gün İordaniya, Misir kimi ərəb ölkələrinin də İsraildə səfirliyi var. Eyni zamanda Səudiyyə Ərəbistanı İsraillə əlaqələr qurmaqdadır.
Digər tərəfdən də, əgər biz Amerikaya yəhudi təşkilatının konfransında iştirak etməyə gediriksə, İran da bundan qıcıqlanmırsa, onda niyə də İsraildə səfirliyimizi açmayaq?!" "Yeni Musavat"