Mahir Məmmədov: "Teymur Rəcəbovun uğuru siyasi qələbədir"

Reportaj
4 Oca 2021
17:31
Mahir Məmmədov: "Teymur Rəcəbovun uğuru siyasi qələbədir"

"Hamını təbrik edirəm. Bu, çox gözəl, hətta deyərdim ki, siyasi qələbədir".

Bu fikirləri "oxu.az"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib.

O, 33 yaşlı qrossmeysterin turnirdə çox gözəl çıxış etdiyini bildirib: "Daniil Dubovu necə məhv etdiyini gördünüz. Final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdi. 7 partiyanın heç birində, demək olar ki, şəbhəli mövqe almamışdı, vəziyyətə nəzarət edirdi. Dünən də çox gözəl oynadı. Birinci partiya taktika ilə zəngin idi. Sonuncuda Teymur Aronyanı səhvə məcbur etdi. Nəticədə "daimi şah" alındı. İkinci partiyada müxtəlif rəngli fillərlə çox gözəl, klassik üslubda qələbə qazandı. Halbuki adətən belə hallarda heç-heçə qeydə alınır".

Məmmədovun sözlərinə görə, Rəcəbovun gözəl şahmat məktəbinə malik olması özünü belə yerlərdə qabarıq şəkildə göstərir: "Baxmayaraq ki, SSRİ dövründə cəmi 3-4 il yaşayıb, onu sovet şahmat məktəbinin yetirməsi saymaq olar. Teymur şahmat tərbiyəsini həmin ənənələrlə alıb. Böyük ustalar onun üzərində ciddi işləyiblər".

AŞF-nin vitse-prezidenti təcrübəli qrossmeysterə hər zaman dövlət tərəfindən dəstək olduğunu söyləyib: "İstər vaxtilə ümummilli liderimiz Heydər Əliyev, istərsə də Ali Baş Komandan, Prezident İlham Əliyev Teymurun uğurlarını heç vaxt diqqətsiz qoymayıb, hər zaman ona kömək olublar. 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya Kubokuna sahib çıxdı. Yaxşı idman forması xətti davam edir. Ona uğurlar arzu edirəm".

O, ölkənin digər güclü şahmatçısı Şəhriyar Məmmədyarovun da Rəcəbovdan geri qalmayacağını vurğulayıb: "Şəhriyarla söhbət zamanı ona 2019-cu ildə Batumi Olimpiadasında Aronyanı gözəl hücumla, fiqur qurban verərək məğlub etdiyini bildirdim. Məmmədyarov həmin partiyanı fantastik oynamışdı. Şahmatçılarımız qaydasındadır. Bu, bizi sevindirir".

Məmmədov "Yenə idmanda ermənilərlə görüşlərdə prinsipiallıq saxlanılmalıdır, yoxsa müharibənin qələbəmizlə bitdiyini nəzərə alaraq, artıq onlarla qarşılaşmalara adi görüşlər kimi baxmaq lazımdır?" ualına bu cür cavab verib: "Bu gün Teymurun uğuru siyasi qələbədir. Amma idmanda qalibiyyətlə yanaşı, məğlubiyyət də olur. Şahmatçılarımız onsuz da təzyiq altında olurlar. Bununla həmin təzyiqi gücləndirməməliyik. Onlar öz işlərini çox gözəl bilirlər".

Qeyd edək ki, “Airthings Masters” turnirinin final mərhələsinin hər iki görüşündə Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Teymur Rəcəbov çempion olub.
21.01.2021
16:15
Masallıda ev yanıb