Qarpız yay aylarında hər kəsin üstünlük verdiyi meyvələrdəndir. Tərkibi A, E, C, B1, B2, B6, B9 kimi vitaminlər, eləcə də, maqnium, kalium, kalsium, fosfor, dəmir və natrium kimi mikroelementlərlə zəngindir. Tərkibində fruktoza olduğu üçün diabet xəstələrinin də istifadə etməsi mümkündür.
Aztibb.az xəbər verir ki, qarpız öd ağrılarını azaldır, sidikqovucu və ödqovucu xüsusiyyətlərə malikdir. Qarpızın qəbulu ilə qan təzyiqini tənzimləmək mümkündür. Qarpız lətində incə liflərin olması ilə orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ondan hazırlanan şirə isə qaraciyər və böyrəkləri şlaklardan təmizləyir. Qarpız podaqra, artrit, qastrit, hipertoniya, anemiya, burun qanaxmaları, piylənmə, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı faydalıdır.
Qarpız alarkən onun tərkibinin nitratsız olmasına diqqət yetirmək lazımdır. Orqanizm üçün ziyanlı olan nitratlı qarpızlar riski avqust ayının sonlarında azalır. Bu vaxt artıq təbii yolla yetişmiş qarpızların tam zamanı olur.