Ailə özündə sosial təşkilatın, sosial strukturun, intitutun və kiçik qrupun xassələrini əks etdirir. Bu gün biz müşahidə edirik ki, cəmiyyətimizdə boşanmış ailələrin sayı həddən artıq çoxalıb. Ailə qarşılıqlı hörmət və sevgi əsasında qurulmalıdır. Ancaq təəsüf ki, indiki vəziyyətə baxsaq, bu heç də belə deyil. Deməli, bizim ailə modelimiz hal-hazırda acınacaqlı vəziyyətdədir.
Məşhur sosioloqumuz Əhməd Qəşəmoğlu bu məsələyə Axın.az-a müsahibəsində belə aydınlıq gətirdi:
“Bu gün təəssüf ki, dünyanın heç yerində ailə modeli ürəkaçan deyil. Bu da dünyadakı fəlsəfi fikrin, sosiologiya sahəsində yaranan nəzəriyyələrin natamamlığından irəli gəlir. Nə fəlsəfi, nə də sosioloji baxımdan bu məsələlər arzu olunan formada araşdırılıb, ortaya qoyulmayıb. Yaxşı ailə modelinin nə olduğunu izah eləmək üçün əvvəl ailənin nə olduğunu başa düşmək lazımdır.
Ailə özü gözəl bir ölkənin kiçildilmiş modelidir. Burada ailənin əzəli, əbədi funksiyaları formalaşmalıdır. İnsan həmişə əks cinsdən qəlbən, ruhən yaxın olacağı, fikrini bölüşə biləcəyi bir insana ehtiyac duyub. Bu min il əvvəl də belə idi, bu gün də belədir. Ailədə, insanın nəsil artımı, istirahəti, müalicə oluna bilməsi üçün münbit mühüt yaradılmalıdır. Çünki ailə şəxsiyyətin normal inkişafı, həyatla təması üçün ilk institutdur. Bununla bağlı “Ömrün uğurlu bünövrəsi” adlı kitabımda ətraflı yazılarım var”.
Bu gün Avropadakı ailə modelləri də çox yarımçıqdır. Macəra axtarmaq həvəsi, biri-birinə sədaqətin arxa plana keçməsi, maddi tələbatların ön plana keçməsi və s. bütün bunlar təəssüf ki, dünyanın hər yerində günü-gündən boşanmaların sayını artırır. İlk növbədə, Avropadan, Fransa və Belçikadan başlayaraq dünyaya yayıldı. Bu gün dünyada ailə modeli ağlar gündədir. İnsanlıq bunu başlı-başına qoya bilməz. Ailəsiz tərəqqi edən cəmiyət olmayacaq. Bu sözdə deyil, sistem nəzəriyyəsilə yanaşmadır. Bir sistemin yaxşı olması üçün onu təşkil edən bütün strukturlar sağlam olmalıdır. Bu gün artıq bıçaq sümüyə dayanıb. Dünya sağlam ailə modeli üçün axtarışda olmalıdır”.
“Azərbaycanda da hazırda ailə modeli çox bərbad vəziyyətdədir. Belə olmasa, hər 100 nikaha 30-dan artıq boşanma düşməz. 20 ildir mən haray çəksəm də, təəssüf ki, əhəmiyyət verən yoxdur. Təcili şəkildə bu məsələlərə diqqət yetirməliyik. Əslində, xeyli ciddi işlər görmək olar, təki bunu istəyən olsun.
Zaman dəyişdikcə cəmiyyət də dəyişir, mürəkkəbləşir. Məsələ belədir ki, bu gün heç nəyə 50 il qabaqkı normalarla yanaşmaq olmaz. Biz bu dəyişən, mürəkkəbləşən zamanda nə etməliyik ki, dediyimiz həmin gözəl ailə modeli olsun. Təəssüf ki, heç bir ölkədə hələ suala cavab tapmayıblar.
Çox istərdim ki, Azərbaycan burada ön planda olsun. Biz bütün yaxşı şeyləri avropalılardan gözləməli deyilik. Azərbaycanın özünün tarixi adət-ənənləri var. Mənəvi sosial məsələlərlə bağlı bizim potensialınmız onlardan xeyli çoxdur. Elə bir ailə modeli qura bilərik ki, dünyanın hər tərəfindən bu modeldən bəhrələnə bilsinlər”.
Vəfa Alcanova,
Axın.az