5 il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətindən 71 mindən çox vətəndaş bəhrələnib.
Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, problemli ailələr hüquq-mühafizə orqanları tərəfindən qeydə alınır: “Əfsuslar olsun ki, son illər boşanmaların sayında artım müşahidə olunur. Əlbbətə, bu, bizim hamımızı narahat edir. Aparılan araşdırmalardan məlum olur ki, ailənin dağılması xasiyyətlərdə uyğunsuzluğu, ailədaxili zorakılıq, tərəflərdən birinin zərərli vərdişlərə aludə olması və bu vərdişlərdən əl çəkməməsi, cütlükdən birinin xəstə olması və bunun qarşı tərəfdən gizlədilməsi və s. səbəblərdən baş verir. Bu səbəblərin aradan qaldırılması üçün maarifləndirmənin gücləndirilməsi, yeni layihələrin keçirilməsinə ehtiyac yaranır. Bu istiqamətdə Komitə bir sıra yeni layihələrə start verib”.
Aynur Veysəlova bildirib ki, müəyyən psixoloji və hüquqi məsləhətlər və yardımlar nəticəsində boşanmaq istəyən ailələrdən geri dönüş edənlər olur: “Münaqişə yaşayan hər 10 ailədən heç olmasa 7 ailəni barışdırırıq. Bəzən müsbət nəticələr əldə də bilmirik. Bunun səbəbi boşanma mədəniyyətinin normal olmamasıdır. Birgə yaşayış mədəniyyəti çox vacibdir. Bəzən baxırsan ki, boşanmaq istəyən cütlüyün səbəbi ciddi səbəb deyil. Lakin aralarında olan adi mübahisə dərinləşərək ağır formaya çevrilir. Boşanmaların qarşısını almaq yalnız tək dövlətin işi deyil. Ailə quran insanlar bu məsələyə dırnaqarası yanaşmamalıdırlar. İnsanlar dərk etməlidir ki, ailə dağılmaq üçün qurulmur. Ailə isti ocağa çevrilməlidir. Boşanmanın qarşısının alınmasında ilk məsuliyyət insanların öz üzərinə düşür”.
Baş məsləhətçi deyir ki, Komitə tərəfindən boşanma ilə bağlı maarifləndirici iş aparılır: “Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Münaqişəli ailələr qeydə alınır və onlarla davamlı görüşlər keçrilir. O ailələrdən müsbət nəticə alınana kimi onlar münaqişəli ailər kimi qeydə alınır və nəzarətdə saxlanılır. Hansı şəxs zorakılığa məruz qalıbsa, ona yardım edilir. Biz monitorinq qruplarının böyük effektlərini görürük. Çalışırıq ki, münaqişəli ailələri dağılmadan xilas edək”.
Aynur Veysəlova deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni layihəyə başlayıb: “Bu, layihə “Ailə akademiyası” adlanır. Yerli icra hakimiyyəti ilə yanaşı bələdiyyə orqanları hər qəsəbədə, ailədə nə baş versə, xəbərdar olurlar. Biz bələdiyyələrin də bu işdə iştirakını təmin edirik və münaqişəli ailələrə dəstək göstərilir. Qanunvericiliklə bələdiyyələr məhəllə komitələri yarada bilərlər. Onlar bu cür ailələrə hüquqi, psixoloji və mənəvi yardımlar göstərir. Eyni zamanda bu layihədə yaşlı və gənclərin düzgün ünsiyyəti, dinin ailəyə münasibəti, qayınana-kürəkən münasibətləri diqqətdə saxlanılır. Düşünürük ki, layihənin müsbət nəticələrini görəcəyik”.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə görə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5-dir.
İlhamə Əbülfət