“Gilan holding” fəhlələri niyə narazı salır? - GİLEY

Manşet / Araşdırma
14 Ara 2020
10:57
“Gilan holding” fəhlələri niyə narazı salır? - GİLEY
Bu günlərdə Bakı sakini Balayeva Nəzirə Etibar qızı “Gilan Holding” tərəfindən haqsızlıqlara məruz qalması barədə şikayət ərizəsi ilə “Aktualxeber.az” saytına müraciət edib. Belə ki, N.Balayeva ixtisasca pedoqoq olsa da, gənc yaşlarında həyat yoldaşını itirdiyinə görə mənzil əldə etmək məqsədilə 1986-cı ildə Bakı şəhəri 2 №-li Ev Tikmə Kombinatının (ETK) “Betonqarışdırma” şəbəkəsində fəhlə kimi işə düzəlib. Çünki o dövrdə 5 il həmin işdə işləyənlərə mənzil verilirmiş. Hətta indiki “lido” restoranı ilə üzbəüz ərazidə 2 №-li ETK-nın fəhlələri üçün binanın bir neçə mərtəbəsi də tikilibmiş. Ötən əsrin əvvəllərində məlum səbəblərdən öz dədə-bab yurdundan didərgin düşüb Bakıya pənah gətirən bir neçə ailə tikintisi yarım qalmış həmin binada məskunlaşıblar. Sonradan o yarımtikili sökülüb qaçqınlar üçün yaşayış binası tikilib.
1997-ci ildə isə 2 №-li ETK “Gilan Holding” tərəfindən özəlləşdirilib və adı da “İnşaat 2”-yə dəyişdirilib. Müəssisənin səhmlərinin 97-i faizi “Gilan Holding”ə, 3 faizlik səhmləri isə kombinatın fəhlələrinə məxsusdur. Ötən 13 il ərzində “pul yoxdur” bəhanəsilə fəhlələrə bir qəpik də olsun ödənilməyib.
“ 2 №-li ETK “Gilan Holding” tərəfindən özəllşdiriləndən sonra qara günlərimiz başladı. Halbuki ilk günlər bizə elə şirin vədlər verilmişdi ki… Bu holdinqin rəhbərliyi bizim kimi sadə insanları hökümətə qarşı qızışdırırlar. Ölkəmizdə qlobal əhəmiyyətli hər hansı beynəlxaq bir tədbir keçiriləndə bizim müdiriyyət iclaç kemirib fəhlələrin əsəbləri ilə oynayırlar və deyirlər ki, narazısınızsa gedin Przezindentə şikayət edin. Onlar sanki bizi tapdadıqları hüquqlarımızı qorumaq üçün Prezident Aparatının qarşısında yürüş etməyə təhrik edirlər. “Gilan Holding” in hökümətimizə, Przidentimizə hörməti budurmu?
Mən səhmdaram, “Gilan Holding”in başında duranlar kimi “İnşaat 2 “-nin qazanşından mənim payıma düşən hissəni istəyirəm. 13 ildi bu müəssisə fəaliyyət göstərir, zavodun ərazisini arendaya veriblər. Ötən yay zavoddan 12 maşın dəmir aparıldı. Mən qarşısını kəsəndə maşını mənim üstümə sürdürdülər. Və onu da dedilər ki, bunu Taleh Heydərovun tapşırığı ilə edirik. Görəsən 60 yaşında qadına gücünü göstərən bu igid kimdir?
Mən ev almaq üçün bu zavodda canımı qoymuşam. 61 yaşım var hələ də kirayələrdə yaşayıram. Dəfələrlə bu haqsızlıqlarla bağlı telekanallara, qəzetlərə şikayət etmişəm, amma “Gilan holding” adını eşidən kimi hamı bizdən qaçır, niyə? Bircə dəfə “Kanal24.az” bizi gəlib çəkdi, sonra “Gilan Holding” onu da “susdurdu”…
Xahiş edirəm, tapdalanmış haqqımın bərpa olunmasında mənə yardım edin”,-deyə məktubunda N.Balayeva qeyd edir.
Biz Nəzirə xanımın şikayətini dərc etdik, indi də söz qarşı tərəfindir. Buyurub Nəzirə xanımın timsalında “İnşaat 2”-nin fəhlələrinin haqqını niyə pozmalarına bir aydınlıq gətirsinlər.