Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha 2 oyunu keçiriləcək.
"Axin.az"in məlumatına görə, ilk matç "Qəbələ" və "Keşlə" komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşmanı Səbuhi Bayramov idarə edəcək.
Bu görüş hər iki komanda üçün turnir cədvəlində bir pillə irəliləmək baxımından əhəmiyyətə malikdir. Hazırda 13 xalla 7-ci pillədə olan "Qəbələ" bunu uduzmasa, 23 xalla 3-cü yerdə gedən "Keşlə" isə yalnız qələbə qazansa, gerçəkləşdirəcək. Bu, iki komanda arasında 47-ci oyun olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” 13, "Keşlə" 16 qələbə qazanıb, 17 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində paytaxt təmsilçisinin üstünlüyü belədir - 60:47.
Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub. “Keşlə” son 2 matçda qələbə qazanıb. “Qəbələ” isə bu rəqibə evdə 4 oyundur qalib gələ bilmir.
Turun son matçı isə autsayder "Səbail" və lider "Qarabağ" arasında olacaq. "ASCO Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.
Hazırda 31 xalla 1-ci yerdə gedən "Qarabağ" ötən gün "Neftçi"nin xal itirməsindən yararlanaraq, ən yaxın izləyicisi ilə xal fərqini 8-ə yüksəltmək imkanına malikdir. Ağdam təmsilçisi buna qış fasiləsində daha da zəifləyən rəqibi yenməklə nail ola bilər. 12 xalla 8-ci yerdə gedən "Səbail" isə sensasion qələbə qazansa, 6-cı pilləyə yüksələ bilər.
Bu, iki komandanın 11-ci qarşılaşması olacaq. Əvvəlki 10 oyundan yalnız 1-də "Səbail" texniki qələbə qazana bilib. Qalan 9 oyunun hamısından "Qarabağ" qalib ayrılıb. Son 3 qarşılaşmada ağdamlılar paytaxt komandasını quru hesabla yeniblər. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv böyük fərqlə öndədir - 18:1.
Azərbaycan Premyer Liqası, XV tur
2 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
17:30. “Səbail” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”
Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.