“Vulverhempton”un futbolçusu Adama Traore karyerasını Türkiyədə davam etdirə bilər.
İspaniyalı cinah oyunçusunun xidmətində “Fənərbağça” maraqlıdır. Futbolçunun ingilislərlə müqaviləsi mövsümün sonuna qədərdir. Yayda onun komandanı tərk edəcəyi bildirilir.
Məlumata görə, Traoreyə “Qalatasaray” və “Başakşehir” də maraq göstərir. Bir müddət öncə isə onun adı “Trabzonspor”la hallanırdı.
27 yaşlı sol cinah oyunçusu bu mövsüm “Vulverhempton”un heyətində 27 oyun keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, La Masia yetirməsi olan Adama Traore 2013-2015-ci illərdə katalonların formasını geyinib. Daha sonra İngiltərə Premyer Liqasına yollanan oyunçu 2022-ci ildə yenidən “Barselona” qayıdıb və “Vulverhempton”a icarəyə verilib.