“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Axın.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin IV turu çərçivəsində Almatı şəhərində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
İki həftə əvvəl Bakıda keçirilmiş və oyuna əlavə olunmuş dəqiqə qolu ilə 2:1 qələbə qazanmış “Qarabağ” matçın favoriti hesab edilir. Komandamızda Bədəvi Hüseynov və Xayme Romeronun oynamayacağı dəqiqdir. Hər iki futbolçu zədəlidir. Meydan sahiblərində isə dizində zədəsi olan Qafurcan Suyumbayev meydana çıxmayacaq.
Qrupun digər matçında İsveçrənin “Bazel” komandası qonaq qismində Kiprdə autsayder “Omoniya”nı sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda yalnız çox top vurduğu üçün qrupun lideri olan “Bazel”in xal itirməsi, “Qarabağ”ın qələbəsi və ya “Bazel”in uduzması və “Qarabağ”ın heç-heçəsi sayəsində Ağdam təmsilçisi qrupda liderliyi ələ alacaq.
Avropa Konfrans Liqası
H qrupu
19:30 Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan)
Baş hakim: Dmitri Muntyan (Moldova)
Almatı. “Ortalık” stadionu
Turnir cədvəli
1. “Bazel” – 7
2. “Qarabağ” – 7
3. “Kayrat” – 1
4. “Omoniya” – 1
Qeyd edək ki, bu gün millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Leqiya” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın Neapol şəhərində 0:3 uduzduğu “Napoli”ni qəbul edəcək. Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Səbuhi Musayev