Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 46 yaşlı Seyidəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axin.az-in xəbərinə görə, ötən ilin yanvarında “Biləsuvar” gömrük postunda İrandan Azərbaycana gələn Qabil Abdullayev adlı şəxs gömrük nəzarətindən keçərkən saxlanılıb. Onun əşyalarına baxış keçirilən zaman çantadasındakıların şəkər xəstəliyinə aid dərmanlar olduğunu desə də, yoxlama zamanı düzgün bəyan edilməyən dərman qutusundan çoxlu sayda psixotrop tərkibli maddələr aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, Seyidəli Məmmədov İran vətəndaşı “Rəsul” adlı şəxslə cinayət əlaqəsinə girərək qaçaqmalçılıq yolu ilə gömrükdən psixotrop maddələr keçirmək barədə razılığa gəlib. Təbrizdə yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” S.Məmmədovun sifarişinə əsasən “Alprazolam” və “Zipmet”dərman qutularına qablaşdırılmış psixotrop maddələri Qabil Abdullayevə verərək Seyidəliyə çatdırmağı xahiş edib.
Şəkər dərmanı adı altında cinayət törədilməsindən xəbərsiz olan Q.Abdullayev gömrük postundan keçərkən saxlanılıb. Əməliyyat tədbirləri zamanı həmin dərman preparatlarını Q.Abdullayevdən təhvil alan S.Məmmədov Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 400 həb psixotrop tərkibli dərmanlarla yanaşı, “Dr.E.Fattahi” adı və fars əlifbası ilə yazılan resept, həmçinin metadon məhlulu aşkarlanaraq götürülüb.
Əvvəllər hərbi hissədə tabor komandirinin müavini vəzifəsində işləyən Seyidəli Məmmədov ifadəsində göstərib ki, “N” saylı hərbi hissədə əsgər öldüyünə görə onu tutduğu vəzifədən azad ediblər. Uğursuzluq təkcə işini itirməklə bitməyib. Kapitanın ailəsində bir-birinin ardınca xoşagəlməz hadisələr baş verib. Belə ki, övladının ağır xəstəliyi, iki ilə yaxın davamlı müalicə olunması heç bir nəticə verməyib, uşaq anasının qucağında dünyasını dəyişib. Övlad acısından depressiyaya düşən həyat yoldaşında isə psixoloji problemlər yaranıb: “Bir neçə yerə apardıq, xeyri olmadı. Həkim “Finezepam”, “Lirika”, “Çiklodol” adlı dərmanlar yazmışdı. Əvvəllər bu dərmanları aptekdən alırdıq. Sonradan tapa bilmədik”.
S.Məmmədovun ifadəsinə görə, həyat yoldaşını müalicə edən həkim dərmanları İrandan tapmağın mümkün olduğunu deyib. O, da bu məqsədlə İrana yollanıb. Təbrizdə yaşayan Rəsul adlı tanışıyla xəstəxanaya gedib. İranlı həkim həyat yoldaşına “Alprazolam” adlı dərman qəbul etməyi məsləhət görüb. Həmin dərmandan üç qutu alan Seyidəli onu gömrükdən bəyan etməklə Azərbaycana keçirib. Amma hər dəfə dərman almaq üçün İrana getmək mümkün olmadığından Rəsuldan xahiş edib ki, Azərbaycana gələn olarsa iranlı həkimin resepti əsasında dərmanları ona yollasın.
“Ya zəng vururdum, ya da mesaj yazırdım, Rəsul dərmanları göndərirdi, gedib götürürdüm. Sonucu dəfə xahiş etdim ki, gələn olarsa şəkər xəstəliyindən əziyyət çəkən bacıma da “Zipmet” dərmanı göndərsin. Rəsul dərmanları Qabil adlı bir nəfərlə göndərəcəyini dedi, həmin şəxsin telefon nömrəsini də verdi. Yanvarın 25-də Rəsul dərmanları göndərdiyini dedi. Onun verdiyi nömrəyə dəfələrlə zəng vurdum, cavab verən olmadı. Ertəsi gün başqa nömrədən zəng gəldi, Rəsulun yolladığı dərmanların onda olduğunu, Yasamaldakı “Cafe Park” da məni gözlədiyini söylədi. Dərmanları götürmək üçün həmin yerə gedəndə gömrük əməkdaşları məni saxladılar”,-Seyidəli ifadəsində belə deyib.
“Psixotrop maddələri gömrükdən keçirməyin cinayət olduğunu bilirəm, amma resept əsasında əldə etdiyimə görə heç bir qanun pozuntusuna yol vermədiyimi düşünürəm. Reseptdə 100 ədəd “Alprazolm” qeyd edilib, Rəsul isə artıq göndərdiyinə görə gömrükdə saxlamasınlar deyə başqa dərman qutusuna qoyub. Çünkü hər dəfə dərman göndərməyə adam tapa bilmirdi”- S.Məmmədov ifadəsində əlavə olaraq qeyd edib.
S.Məmmədov həmçinin əvvəllər heroindən istifadə etdiyini, asılılıq yarandığından buna son qoymaq üçün özü də “Alprazolam” dan istifadə etdiyini etdiyini bildirib.
Məhkəmə prosesi davam edir.