Beynəlxalq Orta Şərq Kitabxana Komitəsi (MELCom) 18-19 may 2021-ci il tarixlərində 42-ci dəfə illik konfransı keçiriləcək. SİA xəbər verir ki, konfransın keçirilməsində məqsəd Avropada Orta Şərq kolleksiyaları və Yaxın Şərqdə kitab bazarına pandemiyanın təsirini araşdırmaqdır. Onlayn formatda keçirilən konfransda əsasən kitabxanaçılıq, kataloqlaşma, biblioqrafiya, elektron resurslar, rəqəmsallaşma layihələri, kitabxana tarixi, Orta Şərqdə informasiya elminin cari məsələləri və digər mövzularla bağlı məruzələr dinləniləcək. 2 gün ərzində təşkil olunacaq konfrans materiallarında gün ərzində 10 məruzə olmaqla ümumi 20 məqalənin əhatə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq bu konfransda iştirak edir. Belə ki, işçi dilləri ingilis və fransız dilləri olan konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Nuray Tanrıverdiyevanın "Azərbaycanda kitabxananın tarixi - Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası" ("History of Azerbaijan Libraries - Central Scientific of Azerbaijan National Academy of Sciences) adlı məqaləsi 20 məqalə arasına qəbul edilib.
Məlumat üçün bildirək ki, MELCom ilk dəfə 1979-cu il İngiltərədə qurulub. Sözügedən Komitənin qurucu rəhbəri Derek Hopvuddur. Komitə kitabxanaçılıq və kitab araşdırması mövzusunda beynəlxalq fikir mübadiləsi aparır.