Virtual kitab sərgisi, kitabxananın uzaq istifadəçilərinə baxmaq, tanış olmaq və istifadə etmək üçün tövsiyə olunan xüsusi seçilmiş və sistemləşdirilmiş yazılı və digər virtual görüntülərin veb- texnologiya vasitələrindən istifadə edərək internetdə kütləvi nümayiş etdirilən sərgisidir. Yerli və dünya kitabxanalarında təəccüb doğurmayan, çoxdandır ki, kitabxana fəaliyyətinin tərkib hissəsinə çevrilən, təşkili və istifadəsi faydalı və sadə olan virtual kitab sərgisi anlayışı son dövrlərdə-pandemiya şəraitində oxuculara da doğma olmuşdur. Belə ki, virtual kitab sərgiləri geniş istifadəçi kütləsinə məlumat axtarışının səmərəliliyini artırmaq, lazımi materialların (mətnlər, qrafika, audio, video və s.) çeşidini genişləndirmək imkanı verən yeni, çoxfunksiyalı bir informasiya mənbəyi kimi həyatımıza daxil olmuşdur.
AXİN.AZ xəbər verir ki, sözügedən müddətdə Respublika Gənclər Kitabxanası “Abuzər Xələfov”, “Fazil Mustafa”, “Elxan Elatlı”, “Varis Yolçuyev”, “Əbdülrəhim bəy Haqverdiyev”, “Seyid Əzim Şirvani”, “Bəxtiyar Vahabzadə”, “Əlibala Hacızadə”, “Rəsul Rza”, “Cabir Novruz”, “Nəriman Nərimanov”, “Üzeyir Hacıbəyov”, “Lütfiyar İmanov”, “Qarabağın tarixi şəxsiyyətləri”, “Lətif Səfərov”, “Nəriman Həsənzadə”, “Mustafa Topçubaşov”, “Məmməd Araz”, “Mübariz İbrahimov”, “Mehdi Hüseynzadə”, “Çingiz Mustafayev”, “Anton Çexov”, “Maksim Qorkiy”, “20 Yanvar”, “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” və s. adda 50-dan çox Azərbaycan və rus dillərində maraqlı və faydalı məlumatlarla zəngin virtual kitab sərgilər hazırlamışdır.
Bu virtual sərgilərin hər biri öz unikallığı, özündə cəmlədiyi məlumatların həqiqiliyi, individuallığı ilə seçilir. Virtual kitab sərgilərinin əksəriyyətinin mövzusu tarixi və əlamətdar günlər təqviminə əsasən hazırlanıb. Sözügedən materialların hər birində bu və ya digər hadisə və ya tarixi şəxsiyyət haqqında ətraflı məlumat, bu mövzuda yazılan kitab siyahıları və onların annotasiyaları, istinadlar, fotogörüntülər, videomənbələr musiqi müşayiəti altında təqdim olunur.
Mövcud pandemiya şəraitində, kitabxanalara ziyarətlə bağlı müşahidə edilən məhdudiyyətləri nəzərə alsaq, dəyərli oxucular evdən ayrılmadan Respublika Gənclər Kitabxanasının “İnstagram”, “Facebook” sosial şəbəkələrinə, “YouTube” kanalına abunə olaraq sözügedən virtual kitab sərgilərindən yararlana bilərlər.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgilərinə https://www.youtube.com/channel/UC3tSg2MozfkoxQRNCt8wzMQ/videos linki vasitəsilə baxa bilərlər.