Bu gün türkiyəli və azərbaycanlı jurnalistlərin “Saxta erməni soyqırımının gerçək üzü” adlı birgə konfransı keçirilib.
AXİN.AZ xəbər verir ki, Global Journalism Council tərəfindən təşkil edilən konfransda təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı, Azərbaycan və Türkiyənin 30-a yaxın jurnalisti, ekspertlər iştirak ediblər.
Onlayn şəkildə təşkil edilən konfransda deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev və Anadolu Universitetinin professoru Levent Eraslan çıxış ediblər. Onlar erməni yalanlarının, saxta erməni soyqırımının tarixi kökləri haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Cavanşir Feyziyev ermənilərin iddialarının əsassız olduğunu tarixi faktlara əsaslanaraq, vurğulayıb.
Levent Eraslan isə gənclərin qondarma erməni soyqırımının ifşası istiqamətində görə biləcəyi işlər, sosial mediada bununla bağlı atılmalı addımlar haqqında fikirlərini paylaşıb.
Toplantıda hər il 24 aprel ərəfəsində Türkiyənin, Azərbaycanın və ümumilikdə Türk dünyasının Amerika Birləşmiş Ştatlarının rəhbər strukturlarında aparılan müzakirələrə fokuslandığı diqqətə çatdırılıb. Bununla bağlı hər il bu tarixdə qabaqlayıcı işlərin görülməli olduğu bildirilib. Qərara alınıb ki, bu istiqamətdə sistemli şəkildə işə başlansın.
“Erməni soyqırımı doğrudan da baş veribsə, bu gün Türkiyədə niyə ermənilər yaşayır” sualı ortaya qoyulub. Sosial şəbəkələrdə bununla bağlı görülməli işlərə xüsusi diqqət ayrılıb. Bu məsələ ilə bağlı azərbaycanlı və türkiyəli jurnalistlərin daha böyük heyətdə müzakirələr aparmalı olduğu, davamlı görüşlərin keçirilməsi, xarici jurnalistlərin cəlb olunması qərara alınıb. Ən əsası Xocalı soyqırımının hər il 24 aprel ərəfəsində təbliğinin vacibliyi diqqətə çatdırılıb.
100 il öncə heç bir əsası və sübutu olmayan, törədilməmiş “soyqırımı”nı qondarma şəkildə təbliğ edən ermənilərə qarşı 30 il bundan öncə, şahidləri həyatda olan, tarixi sübutları nümayiş etdirilmiş Xocalı qurbanlarının önündə durmasının zəruriliyi qeyd olunub.
Bu təbliğata dövlət dəstəyi ilə bağlı qeyri-hökumət təşkilatlarının və jurnalistlərin qoşulmasının daha səmərəli olacağı diqqətə çatdırıldı. Bildirilib ki, sistemli şəkildə addımlar atılarsa, yaxın zamanda dünya gündəmindən qondarma erməni soyqırımı çıxarılacaq.
Konfrans Türkiyənin “DİM” Televiziyası və “MediaTürk TV”nin efirində canlı yayımlanıb.