Qarabağ Azadlıq Təşkilatının (QAT) Ağdam rayon şöbəsinin üzvü, II Qarabağ müharibəsi qazisi Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü”, “Cəbrayılıln azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Elxan Əlvan oğlu Cəfərovun qarşılaşdığı problem həll olunub.
Bu barədə AXİN.AZ-a Qarabağ Azadlıq Təşkilatından məlumat verilib.
Bildirilib ki, 44 günlük müharibədən qabaq qazimiz xarici ölkələrin birində təhsil alarkən, tələbə yoldaşı, Türkiyə vətəndaşı Belkiz Dəmir xanımla bir-birini sevmişlər. Təhsilini başa vurub Vətənə dönən Elxan Cəfərov keçən ilin iyul ayında Tovuz döyüşləri başlayarkən, könüllü olaraq döyüşdə iştarak üçün “hərbi komisarlığa” müraciət edib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqda Elxan Cəfərov da cəbhəyə gedib, qəhrəmanlıq göstərərək döyüşlərin son günlərində ayağından yaralanıb.
Yarası sağaldıqdam sonra qazimiz sevdiyi qızla birgə ailə həyatı qurmağı qərara alıb.
Lakin onun maddi vəziyyəti ona Türkiyəyə getməyə imkan verməyib.
Bu il fevralın ortalarında QAT sədri Akif Nağı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüş zamanı qazinin üzləşdiyi problemi dilə gətirib.
Fuad Muradov dərhal Vətən müharibəsi qazisinin probleminin həllinə kömək etmək tapşırığı verib.
Bu il martın 8-də Türkiyənin Adana şəhərinə gedən qazi Elxan Cəfərov ayın 20-də nişanlısı ilə Vətənə dönüb.
“Qazimiz və onun doğmaları, eləcə də təşkilatımızın sədri Akif Nağı başda olmaqla bütün üzvlərimiz adından Fuad Muradova dərin təşəkkür edirik”,-deyə QAT bəyan edib.