YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri - şəhid Kamil Mübariz oğlu Məmmədovun ailə üzvləri ilə görüşüb.
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, həyat yolları və amallarının gələcək nəsillər üçün örnək olacağını vurğulayan millət vəkili N.Həmzəyev bildirib ki, qəhrəman şəhidimiz K.Məmmədov və onun silahdaşlarının sücaəti sayəsində torpaqlarımız işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Şəhidin atası və qardaşı ilə birlikdə könüllü cəbhəyə yollanan Ramil Kamilin döyüş yolundan, Vətənə bağlılığından danışıb, onunla qürur duyduqlarını qeyd ediblər.
Kamilin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Millət vəkili ilə ürək sözlərini bölüşən şəhid atası digər oğlunun məşğulluğunun təmin edilməsini də dilə gətirib.
Şəhidlik zirvəsinə yüksələn, tarix yazan qəhrəmanlarımızın adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, şəhidlərimizin ailələrinə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur - deyə millət vəkili N.Həmzəyev məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, Məmmədov Kamil Mübariz oğlu 1996-cı il iyulun 11-də Gəncə şəhərində anadan olub. Gəncə şəhər 15 saylı məktəbin məzunu olan Kamil işğal olunmuş torpaqların azadlığı uğrunda haqq savaşının ilk günlərindən qardaşı Ramil ilə birlikdə könüllü olaraq cəbhəyə yollanıb. Qardaşlar Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına düşmənə qarşı mübarizə aparıb, xeyli sayda canlı qüvvəsini məhv ediblər. Xocavəndin düşmən işğalından azad olunması zamanı qardaşı Ramil yaralanıb. Kamil isə 8 noyabrda şəhidlik zirvəsinə ucalıb və əbədi olaraq ürəklərdə məskən salıb.