"Paşinyanın açıqlaması seçkiyə yönəlik bəyanatdır və Ermənistan cəmiyyətini gələcək qonşuluq münasibətlərinə hazırlamaq cəhdidir”.
Bu sözləri Axın.az-a açıqlamasında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın parlamentdəki son çıxışını dəyərləndirərkən politoloq Nəsimi Məmmədli deyib.
Politoloq hesab edir ki, Paşinyan bu ritorika ilə əslində Ermənistan cəmiyyətini öz siyasi platforması ilə tanış edir: "Çalışır ki, seçkidən sonra yürüdəcəyi siyasətin konturlarını indidən bu və ya digər şəkildə cəmiyyətə çatdırsın və onun reaksiyasını alsın. Yəni, verdiyi bu açıqlama ilə yenidən seçiləcəyi təqdirdə, Azərbaycan, xüsusən də Dağlıq Qarabağla bağlı siyasətinə cəmiyyətdən dəstək almağı düşünür”.
Həmsöhbətimiz bildirib ki, Paşinyanın açıqlaması həm də Ermənistandakı revanşist qüvvələrə yönəlik mesajdır: "Revanşist qüvvələrə bəri başdan mesaj verir ki, onun əleyhinə istifadə etmək istədikləri tezislərlə seçkiyə gedərək, xalqdan dəstək aldı. Yəni, Paşinyan Azərbaycanla hansısa sülh razılaşmasını da, iqtisadi, siyasi əməkdaşlıq istiqamətində addımları da daha rahat reallaşdıracaq”.
Rüfət SULTAN