Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün ictimai məkanlar bağlansa da, bələdiyyə seçkilərinin ilk turu keçiriləcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, seçkinin baş tutacağı prezident Emmanuel Makronun xalqa müraciəti zamanı təsdiqlənib. O, bildirib ki, COVID-19-un yayılmasını məhdudlaşdırmaq üçün hökumət seçki günü əlavə qoruyucu tədbirlər görüb.
Bir neçə seçki məntəqəsini yoxlayan Fransanın daxili işlər naziri Kristof Kastaner seçkilərin etibarlı şəraitdə keçirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, seçki məntəqələrində antiseptik gel qabları quraşdırılacaq və səsverməyə gələn seçicilər öz qələmlərini gətirməlidirlər.
Qeyd edək ki, Fransada bələdiyyə seçkiləri martın 15-də və 22-də iki turda keçiriləcək. Lakin, ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Belə ki, bir gün ərzində ölkədə 800 yoluxma və 18 yeni ölüm halı qeydə alınıb.
Fransada yoluxanların ümumi sayı 3 661-ə, ölənlər isə 91-ə çatıb. Ölkədə 72 saat ərzində koronavirusa yoluxanların sayı iki dəfə artdığı üçün epidemiyanın 3-cü mərhələsinə keçid elan edilib.