Fransada bələdiyyə seçkilərinin 2-ci turu koronavirusun yayılmasının qarşısını almaq məqsədilə naməlum müddətə təxirə salınıb.
“Axin.az”in Fransa bürosu xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciəti zamanı deyib.
Ölkə başçısı xalqı ən vacib yerlərdən başqa məqsədlə evdən bayıra çıxmamağa çağırıb.
Ölkə ərazisində hətta ailə məclisləri, dost və tanışlarla gəzintilər də qadağan olunub.
Bu gündən etibarən isə 15 gün ərzində yalnız müalicə, ərzaq alışı və işə getmək məqsədilə evi tərk etmək mümkün olacaq.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 6 633-ə, ölənlərin sayı isə 148-ə çatıb.
Artıq martın 14-dən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, yemək məmulatlarından başqa digər kommersiya məntəqələri, kitabxanalar və digər ictimai yerlərin fəaliyyəti aprelin 15-nə kimi dayandırılması haqqında, martın 16-dan etibarən isə bağça, məktəb və ali təhsil ocaqlarının bağlanılması haqqında qərar verilib.
Xatırladaq ki, bələdiyyə seçkilərinin birinci turu martın 15-də keçirilmişdi.