Bu il ərzində ölkə regionlarında qadınların sahibkarlıq fəaliyyətinə daha çox cəlb edilməsi üçün seminarlar və digər maarifləndirici tədbirlər keçiriləcək.
“Axin.az”in Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, bu məqsədlə seminarlarda təlimçi kimi iştirak edəcək mütəxəssislər üçün yanvarın 28-30-də Bakı şəhərində təlim təşkil olunub.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilmiş təlimçilər təlimində İqtisadiyyat Nazirliyinin tabeliyində KOBİA-nın, “ABAD”ın, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının nümayəndələri iştirak edib. Tədbirdə təlimçi kimi fəaliyyət göstərəcək şəxslər təlimlərin hazırlanması, effektiv təqdimatlar, qadın sahibkarlar üçün mövzuların müəyyənləşdirilməsi, qiymətləndirmə metodları və s. istiqamətlərdə məlumatlandırılıb.
Təlimi uğurla başa vurmuş mütəxəssislər ölkə regionlarında qadınlar arasında sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, bilik və bacarıqlarının artırılması üçün seminarlar keçirəcəklər.
Qeyd edək ki, KOBİA Avropa İttifaqının Avropa Qonşuluq Alətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır. 2019-2021-ci illəri əhatə edən layihənin məqsədi Azərbaycanın iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun artırılmasına dəstək göstərməkdir.