Milli Məclislə bağlı yazılarımızda cəmiyyətdə parlament haqqında formalaşan neqativ fikirləri əsas tutmuruq. Parlament haqqında hər mənfi fikri səsləndirdiyimiz mövqenin nüvəsinə proyeksiya etmək niyyətindən uzağıq, biz yalnız Milli Məclisin səlahiyyət və status dairəsinə daxil olan məsələlərlə görülən işlərin adekvat olub-olmadığını müəyyənləşdirməyə çalışırıq.
Milli Məclis ali qanunverici orqandır, yəni sadə desək, qanunların istehsal edilməsində ən vacib subyektdir.
Hərçənd ki, Konstitusiyaya əsasən, qanunvericilik təşəbbüsü hüququ yalnız parlamentə aid deyil. Prezident, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də bərabər konstitusion səlahiyyətə sahibdir. Konstitusiya 40 min seçki hüququ olan ölkə vətəndaşlarına da qanunvericilik təşəbbüsü hüququnu tanıyır, lakin hələ ki, vətəndaşların qanun layihələrinin hazırlanmasında aktivlik nümayiş etdirdiyini görmürük.
Milli Məclis indi payız sessiyasına hazırlaşır, “parlamentin payızı”nın kifayət qədər gərgin müzakirələr atmosferində keçəcəyini söyləyə bilərik. Ən azından nəzərə alaq ki, bu sessiyada 2022-ci ilin dövlət büdcəsinə dair proqnozlar müzakirəyə çıxarılacaq.
Parlamentin, aktiv deputatlarının gərgin zehni işinə şübhə duymuruq, bununla belə əvvəlki illərin təcrübəsindən çıxış edərək Milli Məclisin qanun hazırlamaqdan çox parlamentə daxil olan sənədləri müzakirə edərək qəbul etdiyini görmüşük.
Bir az da sadə izah edək, parlamentə qanun layihələri daha çox mərkəzi icra hakimiyyətindən gəlir, Prezidentin imzası ilə daxil olur.
Qanun layihələrinin hazırlanmasında digər müvafiq orqanların aktivliyini müşahidə etmirik.
2021-ci ilin növbədənkənar sessiyasının iclaslarının birində deputat Qüdrət Həsənquliyev Ali Məhkəməni qanunvericilik təşəbbüsü ilə çıxış etməməkdə suçlamışdı, Ali Məhkəmə isə ona cavabında fərqli mövqe ortaya qoymuşdu.
Ali Məhkəmə deyirdi ki, o, qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir.
Naxçıvan Ali Məclisi və Baş Prokurorluq haqqında da eyni sözləri söyləmək olar. O başqa məsələ ki, həmin qurumlar qanun layihələrinin hazırlanması prosesində iştirak edə bilər, lakin birbaşa onların imzası ilə parlamentə sənədlərin daxil olduğunu söyləməkdə çətinlik çəkirik.
Deputatlar isə qanunvericilik təşəbbüsü ilə çıxış etməkdən daha çox parlamentə hakimiyyətin icraedici qanadından daxil olan sənədləri müzakirəyə çıxarır, etiraf edək ki, bunun özü də qanun layihələrinə düzəliş və onların təkmilləşdirilməsi baxımından vacibdir.
Dediyimiz odur ki, qanun layihələrinin hazırlanmasında tərəflərin passivliyi hakimiyyətin icraedici qolunu daha çox yükləyir. Hazırda isə hakimiyyətin işi daha çoxdur.
Cənab deputatlar, çalışın qanun layihələrinin hazırlanmasında aktiv olun, digər belə hüququ olan subyektlərdən də bunu tələb edin, mühakimə edin. Bu, hüquq mexanizminin təkmilləşdirilməsi və idarəetmədə çevikliyin artırılması baxımından da önəmlidir.
Aqşin Kərimov