“Qapalı mühitdə məsələləri tam həll etməmiş, açıq havada insanlardan maska taxmağı tələb etməyimiz düzgün deyil”. Bu fikri mediaya açıqlamasında, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Adil Qeybulla
Saxta.info mütəxəssisin açıqlamasının nə dərəcədə real olduğunu dəqiqləşdirib.
Xatırladaq ki, bu il yanvar ayının ortalarında Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah bütün açıq və qapalı məkanlarda tibbi maskanın məcburi olduğunu elan edib.
Ümumiyyətlə, 2019-cu ildən, koronavirus aşkarlanandan bəri tibbi maskalardan istifadə məsələsi ilə bağlı ziddiyətli yanaşmalar olub. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bu məsələdə bir neçə dəfə mövqeyini dəyişdirib.
Belə ki, bir il əvvəl ÜST sağlam insanların maska taxmasına ehtiyac olmadığını, üstəlik bu vasitənin COVID-19-a qarşı qorunma zəmanəti ola bilməyəcəyi barədə açıqlama verib. Daha sonra təşkilatın yaydığı açıqlamada lazımi qədər havalandırma olmayan məkanlarda maska taxmağın zəruri olduğu bildirilib.
Məsələ burasındadır ki, 2020-ci il iyun ayının 1-də “Lancet” elmi nəşri ÜST-ün sifarişi ilə maskaların istifadəsinə dair aparılan tədqiqatların sistematik icmalını yayımlayıb. Tədqiqat müəllifləri bu qənaətə gəliblər ki, maska koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan tibbi işçilərinin qorunması üçün daha faydalıdır. Ancaq digər şəraitlərdə maskanın effektli olub-olmaması az öyrənilib. Bununla yanaşı koronavirusu simptomsuz keçirən insanların infeksiyanı başqalarına - məsələn, söhbət əsnasında yayılan damlalar vasitəsilə yoluxdura biləcəyinə dair daha çox dəlil var.
Ümumiyyətlə tibbi maskadan istifadənin tərəfdarı olan şəxslər iddia edirlər ki, Asiya ölkələrində ənənəvi olaraq kütləvi şəkildə maskadan istifadə edilməsi səbəbindən yeni koronavirus infeksiyası həmin regionda o qədər də geniş yayılmayıb.
Tibbi maska ilə bağlı alimlərin və həkimlərin də fikirləri haçalanıb.
Rusiya Səhiyyə Nazirliyinin QİÇS-ə qarşı mübarizə departamentinin həkim-infeksionisti Yelena Belova RİA Novosti agentliyinə açıqlamasında bildirib ki, açıq havada tibbi maskadan insanların çox olduğu yerdə, məsələn avtobus dayanacağında istifadə etmək olar. Digər yerlərdə isə ehtiyac yoxdur, çünki tez islanır və soyuyur.
Küçədə tibbi maska taxmağın heç bir mənası yoxdur, çünki koronavirus yalnız iki metrdən az məsafədə digər insanlara keçə bilir. RİA Novosti-nin məlumatına görə, bunu Qüdsdəki Hadassah Eyn Kerem xətəxanasının şübə müdiri, professor David Lurie deyib. Onun sözlərinə görə, maskalar infeksiyanın ötürülməsindən qoruyur: “Bu, yaxın təmasda olduqda - qapalı otaqlarda, sinif otaqlarında, liftlərdə, xəstələrlə işləyərkən aktualdır”.
Küçədə, parkda, idman salonunda, ətrafda heç kim olmayanda virus "öz-özünə sıçramaz". Bənzər yanaşma Qərbdə bir çox alim tərəfindən nümayiş etdirilir.
Bu arada, Azərbaycanda əhalinin açıq havada uzun aylardır maska taxmasına baxmayaraq yoluxanların sayında mütəmadi olaraq artım qeydə alınır.
ÜST-nin Azərbaycan üçün hazırkı statistikası.
Yuxarıda qeyd edilənlərə əsaslanaraq demək olar ki, ara məsafəsinin pozulduğu izdihamları çıxmaq şərtilə küçədə maska taxma tələbi əsaslı deyil. Bu mənada professor Adil Qeybullanın fikri də əsasən doğrudur.